Sosial

Mübariz Qurbanlı: "Dedi ki, qurban olum, məscidi də, icmanı da, hamısını götürün, amma dükanlara dəyməyin"

Metbuat.az

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlkin İzzət/

Dini radikallıq Azərbaycan üçün ciddi təhlükə törədə bilməz. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “Milli-mənəvi və dini dəyərlər: Tarixilik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə təşkil edilən görüşdə söyləyib.

M.Qurbanlı qeyd edib ki, azərbaycanlılar dünyəvi xalqdır. Ona görə də onları elə-belə yoldan çıxarmaq olmaz: “Bizi yalnız bir şey yoldan çıxara bilər – para. Biz də onların para mənbələrini faktiki olaraq sıfıra endirməliyik. Həm hüquq-mühafizə orqanları, həm də maliyyə qurumları və bank sistemi vasitəsilə. Para mənbələri sıfıra enəndə onlar öz-özünə yoxa çıxacaqlar. Bir dəfə bizə dedilər ki, bir rayonda radikallar bir məscidi ələ alıb. Yerli icra başçısı, hüquq-mühafizə orqanları ilə birgə gəldik, onları başa saldıq. Gördük anlamırlar. İcra başçısı dedi ki, məscidin yanında 2-3 dükan var. Deyirlər ki, sizindir. Qərara gəlmişik ki, onlar sökülməlidir. O zaman radikallardan biri dedi ki, sizə qurban olum, məscidi də, icmanı da, hamısını götürün, amma bir dənə dükanlara dəyməyin. Görürsünüz? Bu, əqidə deyil”.

Komitə sədrinin fikrincə, Qərb istəsə, “İŞİD” terror təşkilatını 2 dəqiqəyə yox edər. Amma, görünür, burada geopolitik maraqlar var.

O, həmçinin bildirib ki, İŞİD-ə qoşulan azərbaycanlıların sayı müsəlman ölkələri arasında ən sonuncu yerdədir: “Hərdən bizə elə gəlir ki, onlar çoxdur. Çox deyillər. Amma bu bizi rahat edə bilməz. Mübarizə sonadək aparılmalıdır. Onlar “Qafqaza gələcəyik. Bakını paytaxt edəcəyik” deyirlər. Ay bədbəxt, bunu nə ilə edəcəksən? Sən bütün elmi, dini mərkəzləri dağıtdın. Sən yalnız terror edə bilərsən. İslam isə terrorun tam əleyhinədir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az