“Metropark”dan kütləvi zəhərlənmə ilə bağlı MÜRACİƏT
Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət Mərkəzinin rəhbərliyi kütləvi zəhərlənmə təhlükəsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Lent.az-ın report-a istinadən xəbərinə görə, ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin meneceri Anar Zeynalov bildirib ki, bir neçə gün öncə ticarət mərkəzində baş verən zəhərlənmə hadisəsi qaz sızması ilə bağlı olmayıb: “Buna səbəb yaxınlıqdakı yaşayış binasının qazanxanası olub. Həmin qazanxananın yeri düzgün nizamlanmayıb, qazanxana işə salınarkən “Metropark” üçün təhlükə yaradır”.
A. Zeynalov qeyd edib ki, aprelin 12-də “MetroPark”da baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, aprelin 12-də “MetroPark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib. Hadisə yerində 30 nəfərə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.