“Koroğlu” Türkiyə operasevərlərinin görüşünə gəlir
İstanbul, 21 aprel,
AZƏRTAC“Koroğlu” operası 2015-2016-cı illərin opera mövsümündə Türkiyə Dövlət Opera və Balet Teatrlarında (TDOBT) səhnələşdiriləcək.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, artıq TDOBT “Koroğlu”nu repertuarına daxil etmək barədə qərar qəbul edib.
“Koroğlu” operasını Türkiyənin Mərsin Dövlət Opera və Balet Teatrında azərbaycanlı rejissor, professor Əflatun Nemətzadə tərəfindən səhnəyə qoyulacaqdır.
“Koroğlunun” qardaş ölkədə səhnələşdirilməsi Türkiyə Dövlət Opera və Balet Teatrlarının baş direktoru Salman Ada ilə görüşdə Azərbaycanın Ankara səfiri Faiq Bağırovun təşəbbüsü əsasında müzakirə olunub.
Qeyd edək ki, Türkiyə Dövlət Opera və Balet Teatrlarının baş direktoru Salman Ada hazırda qardaş ölkədə yaşayıb yaradan məşhur bəstəkar və dirijorlardandır. O, musiqi təhsilini Parisdə alıb, gənc opera dirijoru olaraq dünya şöhrətli mərhum dirijorumuz Niyazinin İstanbulda asistanı olub. Hazırda Ankara, İstanbul, Samsun, Mersin, Antalya və İzmir şəhərlərində olmaqla qardaş ölkədə 6 opera və balet teatrı fəaliyyət göstərir. Bu opera teatrları Salman Adanın rəhbərlik etdiyi TDOBT-ə tabedirlər. Salman Ada Azərbaycan operalarının Türkiyə operasevərlərinə təqdim olunmasına böyük maraq göstərir.
Gələcəkdə bu tamaşanın TÜRKSOY xətti ilə beynəlxalq səhnələrə çıxarılması planlaşdırılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul