Mədəniyyət

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda Azərbaycan mədəniyyəti günü keçirilib

Metbuat.az

Seul, 4 aprel,

AZƏRTAC

Koreya Respublikasının ən nüfuzlu təhsil ocaqlarından sayılan Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda (KAIST) Azərbaycan mədəniyyəti günü keçirilib.


Solbridge Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə reallaşan tədbiri KAIST institutunun vitse-prezidenti Myenq Sunq Hyon açaraq tədbirin əhəmiyyətindən danışıb.


Xalqımıza məxsus mədəniyyəti Koreyada təbliğ etdikləri üçün azərbaycanlı tələbələrə təşəkkür edən natiq belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, belə təqdimatlar tələbələrə digər xallara məxsus mədəni dəyərlərlə tanış olmaq və onu təbliğ etmək imkanı yaradır.


Sonra Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin birinci katibi Fərrux Cumayev çıxış edərək, iştirakçılara təşəkkürünü bildirib, ölkəmizin gələcək inkişafında təhsilin və insan potensialının mühüm rol oynadığını qeyd edib.


Diplomat dünyada informasiya texnologiyaları və İKT mühəndisliyi üzrə qabaqcıl yer tutan KAIST institutunda Azərbaycanlı tələbələrin təhsil almasını ölkəmizin bu sahənin inkişafına verdiyi mühüm önəm kimi dəyərləndirib.


KAIST institutunun müəllim və tələbələrinin qatıldığı tədbirdə Azərbaycana dair təqdimat keçirilib, mətbəx nümunələrimiz, milli rəqslərimiz iştirakçılara təqdim olunub və sual-cavab yarışmasında qalib gələn tələbələrə hədiyyələr verilib.




Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Seul