Kollecdə faşizm üzərində qələbənin 70 illiyi qeyd olunub
Bakı, 15 aprel,
AZƏRTACMədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Şirvan şəhər tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində faşizm üzərində qələbənin 70 illiyinə həsr edilən tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun baş elmi işçisi Aynur İbrahimova faşizm üzərində qələbənin keçmiş SSRİ və ümumiyyətlə Avropa xalqlarının taleyində oynadığı həlledici tarixi rol barədə məlumat verib.
Sonra muzeyin əməkdaşı Xatirə Əliyevanın “1941-1945-ci illər müharibəsində Azərbaycan neftinin rolu” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, 1941-1945-ci illər müharibəsi illərində ölkədə istehsal olunan neftin 70-75 faizini, benzinin isə 85-90 faizini Bakı verib, bununla da sovet qoşunlarının faşizm taunu üzərində qələbəsini təmin edib.
Sonda mövzu ilə bağlı videofilm nümayiş olunub.