Mədəniyyət

Kiyevdə keçirilən müsabiqə-festivalda Səməd Vurğunun şeirləri səsləndirilib

Metbuat.az

Kiyev, 16 aprel,

AZƏRTAC

Kiyevin Desnyanski rayonundakı ingilis dili təmayüllü 251 nömrəli ixtisaslaşdırılmış məktəbdə “Dövlətlərin dialoqu: təhsildə tərəfdaşlıq” XII ümumşəhər müsabiqə-festivalının rayon mərhələsi keçirilib. “Kiyev dostluq forumu: Ukrayna – dünya” devizi altında təşkil olunmuş bu tədbirdə rayonun səkkiz tədris müəssisəsi iştirak edib. Onların arasında Azərbaycan dili və ədəbiyyatının tədris olunduğu 247 nömrəli ixtisaslaşdırılmış məktəb də vardı.


Tədbirin aparıcıları Azərbaycandan ətraflı söhbət açıb, ölkəmiz haqqında müxtəlif rəngli slaydlar nümayiş etdiriblər.


Sonra akt zalının səhnəsinə 247 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səfayə Naibovanın yetirmələri çıxıb. Alsu Paşayeva, Günel Əliyeva və Mehdi Abışov Azərbaycanın dövlət bayrağına həsr olunmuş kompozisiya nümayiş etdiriblər. Fatma Oruczadə və Zemfira Hacıyeva Azərbaycan və Ukrayna dillərində Səməd Vurğunun şeirlərini, valideyn komitəsinin üzvü Ətayə Əkbərova isə Taras Şevçenkodan Azərbaycan dilinə tərcümə etdiyi şeirləri oxuyublar.


Tədbirdə Azərbaycan rəqsləri də ifa olunub.


Tamaşaçılar soydaşlarımızın çıxışlarını alqışlarla, təbəssüm və çiçəklərlə qarsılayıblar.




Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev