Mədəniyyət

Kinorejissor Dinara Asanova: tələs, nə qədər ki, şam yanır

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC

... 1985-ci il aprelin əvvəlində Leninqrad vilayəti yaxınlığındakı qəsəbələrdən birində yerli sakinin – 26 yaşlı Aleksandr Boqdanovun cəsədi tapılmışdı. Daha sonra istintaq müəyyən etmişdi ki, o, sərxoş dostları tərəfindən amansızcasına öldürülüb. 70-ci illərdə yeniyetmə Saşa Boqdanov kinorejissor Dinara Asanovanın “Ağacdələnin başı ağrımır”, “Açarı başqasına vermək olmaz” adlı ilk filmlərində baş rolları ifa edib. Deyirlər ki, Saşa ölümündən bir neçə gün əvvəl televizorda onu sarsıdan xəbəri - rejissorun qəfil öldüyünü eşidib. Ürəyi xəstə olan Dinara Asanova 1985-ci il aprelin 4-də 43 yaşında Murmanskda növbəti filminin çəkilişi zamanı vəfat edib.


Bu gün istedadlı sənətkarın vaxtsız vəfatından 30 il keçir.


Əslən Qırğızıstandan olan, dahi yazıçı Çingiz Aytmatovun həmyerlisi, əməkdar incəsənət xadimi, “Lenfilm” kinostudiyasının quruluşçu rejissoru Dinara Asanova uğursuz ailələrdən çıxan çətin xasiyyətli uşaqları öz filmlərinə çəkilməyə tez-tez dəvət edərdi. Yeniyetmə mövzusu kinorejissorun yaradıcılığında əsas yer tutub. O, bu mövzunu diplom işindən - 1970-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya Universitetində təhsilini başa vurduğu dövrdə çəkdiyi filmdən sonra seçmişdi. Valentin Rasputinin “Rudolfio” hekayəsi əsasında lentə alınmış, baş rolda məşhur bard və aktyor Yuri Vizborun çəkildiyi bu ağ-qara qısametrajlı film o dövrdə tənqidçilərə həyatdan uzaq, dekadent, tənəzzülə aparan, gənc nəsil üçün zərərli film kimi görünmüşdü. Hətta gənc rejissora cəza kimi beş il yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdi. Belə çətin işsizlik və pulsuzluq dövründə Dinara Asanovanın həyatında sevindirici hadisələr də baş verdi. O, piterli rəssama ərə getdi və Ənvər adlı qəşəng bir oğlu oldu. Sonralar o, oğlunu demək olar ki, bu uşağa parlaq artist karyerası vəd edən bütün filmlərində, 80-cı illərin əvvəllərində özünün düşündüyü və yaratdığı “Nəyi seçərdin?” kino etüdünə də çəkib. Əfsus ki, anasının erkən ölümü Ənvəri sarsıtmışdı. Anası vəfat edən il 14 yaşlı oğlan atası ilə yola getmədi, indiki taleyi də ağır və faciəlidir.


Dinara Asanova 1973-cü ildən ömrünün sonunadək Rusiyanın əsas yaradıcılıq birliklərindən olan “Lenfilm”də işləyib. Bu müddətdə onun gənclər haqqında, adları yuxarıda qeyd edilən təsirli ekran əsərləri, habelə “Bədbəxtlik”, “Arvadım getdi, “Bivec qız”, “Oğlanlar”, “Əzizim, istəklim, bircəciyim...”, “Nifaq övladları” kimi filmləri o vaxt ölkənin hər yerində ekranlara yol açıb. Bu filmlərdə məşhur aktyorlar çəkilib və bu gün də aktual olan kəskin problemlər qoyulub. Dinara Asanovanın istedadlı ssenarist və aktyor Valeri Priyomıxovla tanışlığı onların hər ikisinin yaradıcılığını zənginləşdirirb, filmlərə yeni parlaq çalarlar əlavə edilib.


Demək olar ki, sənətkarın yaradıcılıq axtarışlarının zirvəsində onun 1983-cü ildə çəkdiyi “Oğlanlar” filmi durur. Bu filmdə Dinara Asanovanın nəinki rejissor istedadı, həm də pedaqoji bacarığı özünü göstərib. O, özünün və assistentlərinin filmə çəkilmək üçün küçədən, həyətlərdən, məktəbdən dəvət etdikləri yeniyetmələrlə saatlarla söhbət aparıb. Bu, rejissorun və bütün çəkiliş qrupunun ağır taleli bu məzlum uşaqlara kömək etmək cəhdləri idi. Onlara filmə çəkilmələrinə görə az miqdarda olsa da, real pul ödənilirdi. Əfsus ki, Dinara Asanovanın bir çox filmlərinin qəhrəmanlarının aqibəti Saşa Boqdanov kimi acınacaqlı olub.


“Oğlanlar” filmini yeniyetmələrin onları əhatə edən mühitlə qarşılıqlı münasibəti məsələlərinə toxunan Stenli Kramerin “Heyvanlara və uşaqlara xeyir-dua ver” (1970), Holl Bartletin “Qum karxanalar generalları” (1973) ekran əsərləri ilə müqayisə etmək olar. Bu gün belə kino lentləri sırasında Braziliya kinorejissoru Fernand Meyrelişin “Tanrı şəhəri” (2002) filmi durur.


Dinara Asanova “Oğlanlar” filminə görə ölümündən sonra SSRİ Dövlət Mükafatına layiq görülüb.


Bu gün onu əfsanəvi rejissor, sovet rus kinosunun fenomeni adlandırırlar. 1942-ci il oktyabrın 24-də - atasının cəbhədə həlak olduğu ildə Bişkekdə dünyaya göz açan bu zərif qadın, həqiqətən də yaradıcılığında Şərq və Qərb mədəniyyətini bir araya gətirib. O, yaradıcılığı dövründə Leninqradda yaşayıb və işləyib, lakin öz kökünü heç vaxt unutmayıb. Ailənin sonbeşiyi olan bu qızı evdə anası və böyük bacısı tərbiyə edib. Lakin Dinara Asanova müdrik və uzaqgörən nənəsini də xüsusi səmimiyyətlə xatırlayıb. Bəlkə də Dinaraya insanların qəlbinə nüfuz etmək, ehtiyacı olan insanlara hüsn-rəğbət göstərmək və dərdinə şərik olmaq kimi keyfiyyətlər ondan keçib.


İstedadlı rejissor yaradıcılıq fəaliyyətində fasiləyə yol verməyib, hələ uşaq vaxtından xəstə ürəyini müalicə etdirməyə vaxtı olmayıb. Bu gün aydın olur ki, Dinara Asanova işləməsəydi, yaşaya və oğlunu böyüdə bilməzdi...


Dinara Asanovanın xatirəsinə müxtəlif illərdə bu istedadlı sənətkarın dostları və həmkarları, habelə BBC tərəfindən hazırlanmış bir neçə sənədli film həsr olunub.