Sosial

Keyfiyyətsiz dərsliklərimiz (VİDEO)

Metbuat.az

Şagirdlərin bilik mənbəyi olan dərsliklərin keyfiyyət problemi həllini tapa bilmir. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nöqsanlı hesab etdiyi dərsliklərin sayındakı artım da sübut edir. Ötən il dövlət komissiyası 12 adda dərsliyi təhsilə yararsız hesab etmişdi. Və o dərsliklərin məktəblərdə tədrisini məqbul saymamışdısa, bu il qurum 21 dərsliyinin tədrisə, yararsız olduğunu bildirib.



ANS TV-nin məlumatına görə, təhsil nazirliyinin rəsmisi Əsgər Quliyevin “Azərbaycanda yaxşı dərslik yazan müəllif qıtlığı var” bəyanatı dərsliklərimizlə bağlı problemləri gündəmdə saxlamaq üçün əlimizə əsas verir. Xüsusilə söhbət o dərsliklərdən gedir ki, həqiqətən də zamanında öyrənməyimiz üçün əngəllər vardı.



Yəni müstəqil deyildik və sovet şineli hələ əynimizdəydi. Sovet təhsil sistemi isə bizə öz istədiyini öyrədirdi. Məsələn, götürək tarix dərsliyini. Sizcə Rus-Yapon müharibəsi SSRİ tarixində necə əks olunurdu? Əlbəttə, bu dövlətin maraqlarına müvafiq şəkildə.



Yaxşı, sovet məktəblisi olan biz və bizim yaşıdlarımız bu müharibədə azərbaycanlıların rolu haqda nə bilirdi? Heçnə. Amma bu gün məlum olur ki, Rus-Yapon müharibəsinin ən parlaq generalarından və zabitlərindən bir neçəsi azərbaycanlılar olub. Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Hüseyn xan Naxçıvanski, Qacar qardaşları, Yadigarov qardaşları və s. Bunu tarixçilər bilir, amma şagirdlər necə bilirmi? Yuxarı siniflərin tarix dərsliklərində bir-iki generalımız və onların iştirak etdiyi müharibələr haqda çox kiçik bir məlumat var. Amma bu məlumatı qətiyyən müfəssəl saymaq olmaz.



Çar ordusunda xidmət edən azərbaycanlı zabit və generallarımızı nə tanımaq istəyirik, nə də tarix dərsliklərimizə gətirmək. Bu adi bir misaldır və onlarla belə maraqlı faktlar saymaq olar.



Təhsil Nazirliyi isə bizi fakt qarşısında qoyur və deyir ki, müəllif problemimiz var. Niyə? Bu araşdırmaları tədqiq edən, ortaya çıxaran adamları dərslik yazmağa dəvət etmək olmazmı? Tutaq ki, Şəmistan Nəzirlini.



“Əlbəttə, dəvət etsəydilər böyük məmuniyyətlə gedərdim, niyə də yox. 45 ilə yaxındır ki, bu tədqiqatla məşğulam. Amma istəyərəm ki, bu günə kimi əldə etdiyim təcrübə, yazdığım kitablar dərs vəsaiti kimi, istər ali, istərsə də orta məktəblərdə tədris olunsun”, – deyə araşdırmaçı-jurnalist Şəmistan Nəzirli bildirib.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin monitorinqi qrupunun rəhbəri Afiqə Batıyeva isə düşünür ki, tarix dərslikləri hələ ən yaxşısıdır. Onun fikrincə, dərsliklərdə aradan qaldırılmalı olan çoxlu mübahisəli məqamlar var.



“Bəzi hallarda dərsliklərdə olan materiallar şagirdlərin yaş xüsusiyyətinə uyğun deyildi. Materialların sadədən mürəkkəbə doğru verilmə prinsipi məzmuna görə pozulmuşdu” – deyə Afiqə Batıyeva fikrinin açıqlayıb.



Təhsil nazirliyinin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyevsə qüsurların yalnız 1 və 5-ci siniflərdə qaldığını bildirir:



“Həm Tələbə Qəbulu üzrə Dövlət Komissiyasın tərəfində, həm də müəllimlərdən aldığımız qeydlər əsas götürülərək müəlliflər tərəfindən yenidən işlənilib. Hazırda həmin dərsliklərin ekspertizası həyata keçirilir”.



Xatırladaq ki, Təhsil Nazirliyi dərslik müəlliflərini tender qalibləri arasından seçir. Tenderə hər fənndən ən yaxşı halda 3 müəllif öz işini təqdim edir və nazirilk də ən yaxşısını seçir.



Məncə bu həm də dərslik yazmaq istəyənlərə bir mesaj olmalıdır. Yaxşı dərslik tək müəllifin, tək şagirdin yox, həm də dövlətin qazancıdır.



Mənbə
ANS-TV-Ləman Əliəşrəfqızı