İqtisadiyyat

“Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi müzakirə edilib

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Aprelin 22-də Bakıda kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının heyvan sağlamlığı və baytarlıq xidmətləri üzrə eksperti Dionisis Tana Qiotatus və Dünya Bankının Azərbaycandakı ofisinin nümayəndəsi Rufiz Çıraqzadə ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə “Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin subkomponentlərinin, heyvan xəstəliklərinə nəzarət sisteminin və milli baytarlıq informasiya sisteminin təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsinə dəstək göstərilməsi, brusellyoz xəstəliyinə qarşı mübarizə və digər məsələlər müzakirə olunub.


Nazir Dünya Bankı ilə əlaqələri yüksək qiymətləndirərək layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verdiyini nəzərə çatdırıb və onun müzakirəsini məqsəduyğun hesab edib.


Dionisis Tana Qiotatus layihənin dörd subkomponenti, sahə baytarlıq xidmətlərinin özəlləşdirilməsi, heyvan xəstəliklərinə nəzarət proqramı, heyvan xəstəlikləri üzrə informasiya sisteminin inkişaf etdirilməsi və baytarlıq təhsili üzrə dəstəyin verilməsi barədə ətraflı bəhs edib.


Nazir Heydər Əsədov layihədə nəzərdə tutulan subkomponentlərin daha da təkmilləşdirilməsi, xüsusilə alternativ özəl baytarlıq xidmətinin yaradılması, müasir zona baytarlıq laboratoriyalarının yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz olunması və bir sıra digər məsələlərlə bağlı təkliflərini verib və qeyd olunan subkomponentlərin işçi qaydasında müzakirəsini məqsədəuyğun sayaraq, məsləhət və tövsiyələrini bildirib.