Mədəniyyət

“Keçmişdən gələcəyə Çanaqqala ruhu” yaşayacaq

Metbuat.az

Bakı, 18 aprel, Zərəngiz Mansurova, Fidan Şükürova,

AZƏRTAC

Aprelin 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Keçmişdən gələcəyə Çanaqqala ruhu” mövzusunda sərgi-tədbir keçirilib.


AZƏRTAC

xəbər verir ki, Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.


Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev Çanaqqala zəfərinin məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanəyə çevrildiyini, hər bir türk vətəndaşının xatirəsində əbədiləşdiyini bildirib.


Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni və başqaları qanlı Çanaqqala döyüşlərində üç min azərbaycanlı əsgərin şəhid olduğunu söyləyiblər.


Tədbirdə çıxış edənlər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevicimizdir!”, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamlarını xatırladıblar.


Mərasimdə əməkdar artist Ağalar Bayramov türk əsgərlərinin şanlı qələbəsinə həsr olunmuş şeirlər söyləyib. “Savalan” musiqi qrupunun ifasında qəhrəmanlıq nəğmələri səsləndirilib, şanlı Çanaqqala qələbəsini əks etdirən videoçarx nümayiş olunub.


Tədbir çərçivəsində tanınmış türk yazıçısı Bahadur Yenişehirlioğlunun Çanaqqala savaşına həsr etdiyi “Eşq cəbhəsi” kitabının tədimatı keçirilib.


Müəllif öz imzası ilə kitablarını oxuculara təqdim edib.