Karlov Universitetinin professoru BSU-da çex dili fənnindən dərs deyəcək
Bakı. 9 aprel. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) Çexiyanın qabaqcıl ali təhsil müəssisələrindən olan Karlov Universiteti ilə əməkdaşlıq haqqında bağladığı müqaviləyə əsasən BSU-ya ezam edilmiş Karlov Universitetinin professoru İvana Bozdexova iki həftə Tərcümə, Beynəlxalq münasibətlər və reginşünaslıq fakültəsinin çex dili ixrisası üzrə təhsil alan tələbələrinə praktik çex dili fənnindən dərs deyəcək. Bu barədə “Report”a BSU-nun mətbuat xidmətindən bildirilib.
BSU-nun rektoru, professor Asif Hacıyev İvana Bozdexova ilə görüşü zamanı rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, burada 2010-cu ildən etibarən fəaliyyət göstərən Çex dili və mədəniyyəti Mərkəzi, bu istiqamətdə kadr hazırlığı, eyni zamanda BSU-nun xarici universitetlərlə əlaqələri barədə qonağa məlumat verib.
Görüş çərçivəsində əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi barədə danışıqlar aparılıb. Çexiyalı qonaq Bakı Slavyan Universiteti ilə yaxından tanış olub.