Mədəniyyət

İngilis dilində tərtib edilmiş müasir Azərbaycan şeir antologiyasının ikinci cildi çap olunacaq

Metbuat.az

Bakı, 12 aprel,

AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ingilis dilində tərtib edilmiş “Candles (101 verses)” – “Şamlar (101 şeir)” adlı şeir antologiyası işıq üzü görüb. 55 Azərbaycan şairinin 101 şeirinin yer aldığı bu kitab, zəngin ənənələrə malik poeziyamızın müasir mənzərəsinin beynəlxalq müstəviyə çıxarılması istiqamətində mərkəzin həyata keçirdiyi ilk nəşrdir.


Kitabı ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru, yazıçı Kamran Nəzirli tərcümə edib.


K.Nəzirli

AZƏRTAC

-a bildirib ki, beynəlxalq sərgilərdə nümayiş etdiriləcək bu antologiyada müasir Azərbaycan poeziyasının ümumi mənzərəsi qismən də olsa təsvir edilib. Antologiyada müxtəlif nəsilləri təmsil edən şairlərimizin şeirləri yer alıb. Onların yerləşdirilməsi doğum tarixlərinə görə sıralanıb. Rəsul Rza, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nigar Rəfibəyli, Əli Kərim, Vaqif Səmədoğlu və başqaları.


Bu antologiyanın ikinci cildinin də hazırlanacağını söyləyən K.Nəzirli vurğulayıb ki, birinci cildə daxil edilməyən söz sərraflarımız növbəti mərhələdə öz imzalarına rast gələ biləcəklər: “O ki qaldı gənclərə, bəli, mən gənc və istedadlı şairlərimizin şeirlərini də antologiyaya daxil etmişəm. Bunlardan, Qulu Ağsəs, Aqşin, Nərmin Kamal, Fərid Hüseyn və başqalarının adını çəkə bilərəm. Bundan başqa bizim orta nəsil qadın şairələrimizdən Telli Pənahqızının, Sona Vəliyevanın, Kəmalə Abiyevanın və digərlərinin şeirləri də antologiyada yer alıb”.


O deyib: “Hazırda nəsr antologiyası üzərində işləyirəm. Bizim dünya oxcusunu sözün yaxşı mənasında heyrətləndirə biləcək istedadlı şair və nasirlərimiz var. Bu vaxta qədər onlar rus dili vasitəsilə dünya oxucusuna təqdim olunurdu ki, bu da qaneedici deyildi. Artıq bəzi nasirlərimizin hekayələrini tərcümə etmişəm. Nəsr antologiyasına daxil ediləcək ədiblərimizin siyahısı hələ tam dəqiqləşdirilməyib. Amma elə nasirlərimiz var ki, onların adı məlumdur - Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Mövlud Süleymanlı, Seyran Səxavət, Aqil Abbas. Bundan başqa, nəsr antologiyasında da müxtəlif dövrləri əhatə edən yazıçıların əsərləri təmsil olunacaq, hazırda onlardan bir çoxlarının hekayələri üzərində işləyirəm”.