Hər hansı bir yazı Azərbaycan mətbəxinin özəlliyinə zərər vura bilməz
Bakı, 20 aprel,
AZƏRTACSon günlər bəzi xarici internet saytlarında Azərbaycan mətbəxi ilə bağlı uydurma yazılar yer alır.
Bu sözləri
AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
V. Şixəmmədov bildirib ki, bu cür yazılar bəzi xarici dairələrin Azərbaycan mətbəxinə qarşı növbəti məkrli siyasətinin nəticəsidir. Bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Azərbaijan breakfast” adlı layihə hazırlanıb. Həmin layihə ilə bağlı məqsədyönlü fikirlər səsləndirilir. “Azerbaijan breakfast” adlı layihənin həyata keçirilməsində məqsəd Azərbaycana gələcək hər bir turistə mətbəximizin müxtəlif nemətlərini təqdim etməkdir. Dünya təcrübəsi göstərir ki, bütün turistlər getdikləri məkanlarda həmin ölkənin yeməklərindən istifadə edirlər. Bir turist ölkəsi olaraq bizim də məqsədimiz ondan ibarətdir ki, ölkəmizə gələcək turistlərə Azərbaycan mətbəxinin nümunələrini təqdim edək. Bu nümunələrin təqdimatına “Azerbaijan breakfast” adlı layihə də öz töhfəsini verə bilər. Adıçəkilən layihə otellərə tövsiyə olunacaq. Bu layihə məcburi xarakter daşımır. Sadəcə olaraq layihədən istifadə etməyə otel menecerləri qərar verəcək. Gələcəkdə layihə özünü doğruldarsa dünya mehmanxana biznesində də “Azerbaijan breakfast” mətbəx nümunələrindən istifadə oluna bilər. Layihənin tərkibində mətbəximizin səhər yeməklərində olan nümunələr birləşdirilib.
V. Şixəmmədov onu da qeyd edib ki, eurasianet.org internet saytında Azərbaycana qarşı mütəmadi olaraq qərəzli məqalələr yazılır. Həmin saytda gürcü əsilli müəllif Giorgi Lomsadze tərəfindən yazılan müxtəlif kiçik yazılar Azərbaycan mətbəxinin özəlliyinə hər hansı zərər vura bilməz.