Hanoyda “Azərbaycan və Vyetnam mədəniyyətlərinin paralelləri” mövzusunda konfrans keçirilib
Bakı, 11 aprel,
AZƏRTACAzərbaycanın Vyetnamdakı səfirliyi və Hanoy şəhərində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam mədəniyyətlərinin paralelləri” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Vyetnamdakı səfirliyindən
AZƏRTAC-a bildirilib ki, konfransı giriş söz ilə açan ölkəmizin Vyetnamdakı səfir Anar İmanov zəngin mədəni irsə malik olan xalqlarımız arasında tarixən dostluq münasibətlərinin mövcud olduğunu vurğulayıb.
Diplomat iki xalq arasında mövcud olan bu dostluq münasibətlərinin əsasının Vyetnam Prezidenti Ho Chi Minhin 1959-cu ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri kimi 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu bildirib.
Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin son illər daha da inkişaf etdiyini diqqətə çatdıraraq səfir ötən ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin ölkələrimiz və xalqlarımız arasında müxtəlif sahələr, o cümlədən mədəniyyət sahəsi üzrə əməkdaşlığın inkişafı baxımından tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
A.İmanov, həmçinin Azərbaycanın mədəni irsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib, xalqlarımızın adət-ənənələrindəki oxşarlıqlar barədə danışıb.
Tədbirdə çıxış edən Vyetnam Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin prezidenti, akademik Dang Vu Minh qədim tarixə və zəngin mədəni irsə malik olan Azərbaycan və Vyetnam xalqlarının tarixən bir çox işğallara məruz qalmasına, müharibələrlə üzləşməsinə baxmayaraq öz milli xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlamağı bacardığını söyləyib. O, xüsusilə müharibə dövrü Vyetnamın ağır günlərində Azərbaycan xalqının onlara dəstəyinin əsl dostluq nümunəsi olduğunu qeyd edib.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə təhsil sahəsinin ölkələrimiz arasında əsas əməkdaşlıq sahələrindən biri olduğunu qeyd edərək, hələ 70-80-ci illərdə çoxlu sayda vyetnamlı tələbənin Azərbaycan universitetlərində təhsil aldığını və onların iki ölkə arasında mədəniyyətlərin mübadiləsi prosesinə böyük töhfə verdiyini söyləyib. O, bu tendensiyanın hazırda da davam etdirilməsinin vacibliyini vurğulayıb və təhsil sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsinin mədəni sahədə də əlaqələrin genişlənməsinə təkan verəcəyini qeyd edib.
Fariz İsmayılzadə, hazırda “ADA” Universitetində üç vyetnamlı tələbənin təhsil aldığını və universitetin bu sayın artırılmasında maraqlı olduğunu bildirib. Daha sonra o, təmsil etdiyi ali məktəbin təhsil imkanları barədə tədbir iştirakçılarına məlumat verib.
Vyetnam Parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini Ngo Duk Manh öz çıxışlarında Bakıda təhsil aldıqları zaman ölkəmizin mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olduğunu, Azərbaycanı özlərinin ikinci vətəni hesab etdiyini deyib.
Daha sonra çıxış edən Şəki şəhəri icra hakimiyyəti başçısının müavini Xəlil Xəlilov Şəkinin qədim tarixə, gözəl təbiətə və zəngin mədəni irsə sahib olması barədə söhbət açıb. O, son illər Şəkinin beynəlxalq səviyyəli ictimai və mədəni sahədə müxtəlif tədbirlərə, festivallara ev sahibliyin etdiyini bildirib. Xəlil Xəlilov Şəkinin Vyetnamın regionları ilə mədəniyyət və turizm, ipək istehsalı sahələrində əməkdaşlıq etmək üçün böyük potensialın olduğunu vurğulayıb.
Vyetnamın Dalat şəhərinin Xalq Komitəsinin Mədəniyyət, İdman və Turizm Departamentinin direktor müavini Nguyen Thi Bich çıxışı zamanı təmsil etdiyi şəhərin Vyetnamın mədəniyyət və turizm sahəsində tutduğu yeri barədə məlumat verib.
Konfransda Dalat və Şəki şəhərləri arasında əməkdaşlığın qurulması məsələsinə dair müzakirələr aparılıb. Həmçinin “Azərbaycan və Vyetnam mədəniyyətlərinin paralelləri” mövzusunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmiş inşa müsabiqəsinin qalibi Ülviyyə Hüseynova və eyni mövzuda Vyetnam ali təhsil ocaqlarında keçirilmiş inşa müsabiqəsinin qalibi, Vyetnam Xarici Dillər və Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi Chau Hong Quang, Ho Chi Minh şəhəri Sosial və Humanitar Elmlər Universitetinin tələbəsi Sevinc Orucova, Vyetnamda mədəniyyət sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların nümayəndələri, mədəniyyət xadimləri çıxış edərək Azərbaycan və Vyetnam arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq imkanları barədə söhbət açıb, bu fəaliyyətdə yaxından iştirak etməyə hazır olduqlarını bildiriblər.
Konfransda, həmçinin Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Vyetnam dilinə tərcümə olunmuş “Azərbaycan xalçaları” kitabının təqdimatı keçirilib.