Hacı Nuran "Ulduz elçi" seçildi
“Bakı-2015” Birinci Avropa Oyunlarının "Ulduz elçi"lər komandasına yeni qoşulan tanınmış şəxsin adı açıqlanıb.
Axşam.az-ın məlumatına görə, aparıcı və xeyriyyə layihələrinin müəllifi Nuran Hüseynov da (Hacı Nuran) "Ulduz elçi"lər siyahısına daxil edilib.
Beləcə, “Bakı-2015”in mədəniyyət sahəsində seçilən "Ulduz elçi"lərin sayı 15-ə çatıb.
Gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov Nuran Hüseynovu Birinci Avropa Oyunlarının son "Ulduz Elçi"si kimi salamlamaqdan məmnun olduğunu bildirib:
"Nuran Azərbaycanda tanınmış jurnalistlərdəndir və öz tamaşaçılarının böyük rəğbətini qazanıb. O, "Ulduz elçi" olaraq “Bakı-2015”in dəyərlərini təbliğ etməyə yardımçı olacaq. Nuran “Bakı-2015” komandası üçün layiqli sima və mükəmməl seçimdir”.
N.Hüseynov bunları bildirib:
“İlk Avropa Oyunlarının "Ulduz Elçi"si seçildiyim üçün qürur hissi duyuram. İdman hər zaman məni ruhlandırıb və insanları bir araya gətirməyə, sağlam həyat tərzini təlqin etməyə yardımçı olduğuna inanıram. Çətinlikləri dəf etmək həyatın bir hissəsidir və idmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam, burada iştirak etməyin yarada biləcəyi imkanları və digər üstünlükləri təbliğ edəcəyəm”.
Qeyd edək ki, “Bakı-2015”in "Ulduz elçi"ləri arasında əməkdar artist Tünzalə Ağayeva, Rafael İsgəndərv, Coşqun Rəhimov, Tahir və Cabir İmanovlar, Murad Dadaşov, müğənnilər Röya, Miri Yusif, Eldar Qasımov, Nigar Camal, aktyor Bəhram Bağırzadə, musiqiçi DJ Shock, aparıcı İlkin Həsəni və Azər Qərib yer alıb.