Sosial
Hacı Mirhəmidlə Hacı Şahin "adamyeyənlərə" cavab verdilər
Səudiyyə Ərəbistanının baş müftisi şeyx Əbdüləziz ibn Abdullah əş-Şeyxin yeni fətva verməsi barədə ərəbdilli KİV-də məlumat yayılıb. Belə ki, “alimin” rəyinə əsasən, kişi acından ölmək həddinə çatarsa, həyat yoldaşının bədəninin bir hissəsini və ya onu bütövlüklə yeyə bilər. Şeyx bu mövqeyini belə əsaslandırıb: ailədə qadın kişiyə tabe olmalıdır, deməli, kişi də ölümdən qurtulmaq üçün onu yemək hüququna malikdir.
İslam.az məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçılara – hacı Mirhəmid Məmmədov və hacı Şahin Həsənliyə müraciət edib:
Mirhəmid Məmmədov:
- Səudiyyədən gələn belə gülünc fətvalara artıq adət etmişik. Nəinki dinə, hətta insanlığa uyğun olmayan fətvalar verilir. Bu məsələdə iki məqamı qeyd etməliyik. Birincisi, insan acından ölmək təhlükəsi ilə üzləşdikdə nə edə bilər? Zərurət halında haramdan istifadəyə icazə verilir. Məsələn, donuz və ya it ətindən müəyyən həddə, yəni acından ölməmək üçün yemək olar. İkinci məqam isə ondan ibarətdir ki, dində qadınla kişi arasında fərq qoyulmur. Hər ikisi insandır, hər ikisinin də yaşamaq hüququ var, Qiyamət günü də hər ikisi eyni məsuliyyət daşıyacaq. Həmçinin insanın insan əti yeməsi də yolverilməzdir. Ümumiyyətlə məsələyə, qadın və kişi hüquqlarına yanaşma prinsipi də həm dinə, həm də əqlə ziddir, batildir.
Şahin Həsənli:
- Çox gülünc, eyni zamanda acınacaqlı mövqedir. Dini nöqteyi-nəzərdən insanın insanı yeməsi yolverilməzdir. Bu cür fətvalar sağlam məntiqə və ağıla ziddir, heç bir dini mənbəyə əsaslanmır. Kişinin də qadın üzərində tam hakim olmaq hüququ yoxdur. Düzdür, ailədə onlar fərqli səlahiyyətlərə malik olan iki fərddirlər. Lakin qadının öz hüquqları, kişinin isə öz hüquqları var. Qadın heç də kişinin mülkiyyəti hesab olunmur. Bu fətva artıq müəyyən dairələrin sağlam məntiq və düşüncədən uzaqlaşmasını bir daha sübut edir, müəyyən cərəyanların iç üzünü ortaya qoyur. Qadın və kişi hər ikisi şəxsiyyətdirlər və Allah qatında eyni dəyərə malikdirlər.
Milli.Az