“Günəşli” yatağındakı 8-ci özüldə neft dağılmalarının aradan qaldırılması məqsədilə təlim-məşq keçirilib
Bakı, 14 aprel,
AZƏRTACAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Dağılmalarının Xəbərdarlığı və Ləğvi Planı”na əsasən “Günəşli” yatağındakı 8 nömrəli özüldə təlim-məşq keçirilib.
SOCAR-ın mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumat görə, kompleks qazma işləri trestinin istehsalat bölümlərinin obyektlərində baş verə biləcək neft və neft məhsulları dağılmalarının aradan qaldırılması məqsədilə təşkil edilən məşqdə şirkətin baş ofisinin, Fövqəladə Hallar Nazirliyinin, eləcə də “Azneft” İstehsalat Birliyinin və ekologiya idarəsinin nümayəndələri iştirak ediblər. Trestin ətraf mühitin mühafizəsi və ekologiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlim-məşq zamanı özüldə olan işçi heyətə neft və neft məhsulları dağılmalarının təsnifatı, onların aradan qaldırılma yolları barədə geniş məlumat verilib. Məşqdə iştirak edən nümayəndələr əvvəlcədən maarifləndirilib, təlimdə iştirak edən işçi heyət fərdi qaydada təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıb.
Məşq zamanı yanacaq çəninin əlaqələndirici xətlərində birinci səviyyəli neft məhsullarının dağılması baş verdikdə işçi heyətin həmin dağılmanı necə aradan qaldıracağı barədə iştirakçılara geniş məlumat verilib. Neft dağılmasının aradan qaldırılması işlərində dağılmış neft məhsullarının toplanılması məqsədilə xüsusi bentonit əsaslı hopdurucu maddələrdən (sorbentlərdən) istifadə olunub, həmin hopdurucu maddələrin tərkibi və xassələri barədə işçi heyət maarifləndirilib. Təlim zamanı ilkin yanğınsöndürmə vasitələri (yanğınsöndürmə balonları, yanğınsöndürmə şlanqları, su çiləmə sistemi) hazır vəziyyətə gətirilib və digər təhlükəsizlik tədbirləri görülüb.
Belə təlim-məşqlərin il ərzində davamlı olaraq qazma işləri aparılan digər özül və meydançalarda da keçirilməsi nəzərdə tutulur.