Görkəmli sənətkarın yubileyi qeyd olunub
Bakı, Zərəngiz Mansurova,
AZƏRTACAprelin 17-də Dövlət Film Fondunda əməkdar incəsənət xadimi, kinooperator, ssenari müəllifi, rejissor assistenti Əsgər İsmayılovun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, fondun foyesində kino ustasının çəkdiyi filmlərə həsr edilən fotoların sərgisi nümayiş olunub.
Əməkdar incəsənət xadimi Cəmil Quliyev Ə.İsmayılovun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən söz açıb.
Çıxış edənlər onu kinooperator kimi fitri istedada malik sənətkar olmaqla yanaşı, ekstremal vəziyyətdən tez çıxmağı bacaran və rejissorlarla tez dil tapa bilən insan olaraq da yüksək qiymətləndiriblər. Savadı, mədəni rəftarı bir çox rejissorların öz filmini məhz onunla çəkmək istəməsinə səbəb olub.
Əsgər İsmayılov 1905-ci ildə Tiflisdə anadan olub, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib.
Əmək fəaliyyətinə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında başlayıb. “Almaz” ,“Kəndlilər”, “Səbuhi” , “Sovqat”, “Bəxtiyar Kərimov” , “Qara Daşlar” və s. yaddaqalan filmlərin çəkilişində iştirak edib.
Ə.İsmayılov “Bakının işıqları”, “Bəxtiyar” bədii filmlərinin quraşdırma çəkilişlərinin də operatoru olub.
Bildirilib ki, taleyini Azərbaycan ekranının inkişafı ilə bağlayan, ömrünün mənasını kinoda görən sənətkar təqaüdə çıxmazdan əvvəl “Azərbaycanfilm” kinostudiyasında qruplar təşkil edərək, rəngli filmlərin texnologiyasını gənc kino işçilərinə öyrətməklə məşğul olub.
Kinooperator Əsgər İsmayılov noyabrın 12-də Bakıda vəfat edib.
Ə.İsmayılovun xatirəsinə həsr edilən tədbirdə onun iştirakı ilə çəkilən filmlərdən fraqmentlər nümayiş olunub.
Sonda sənətkarın ailəsi adından kürəkəni Emir Qambay tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.