Gəncədə Pasxa bayramı qeyd edilib
Bayram hər il olduğu kimi bu il də Aleksandr Nevski kilsəsində təşkil edilib.
Gəncədə və ətraf bölgələrdə yaşayan pravoslav xristianlar Aleksandr Nevski kilsəsində Pasxa bayramı ilə əlaqədar olaraq gecə boyu dini ayinlar icra ediblər.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, kilsəyə gələnlər dualar edib, tanrıdan günahlarının bağışlanmasını diləyiblər. İsa Məsihin çarmıxa çəkildiyi, xaçdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir. Bu günlərdə insanlar xeyirxah işlər görür, dualar edir, xəstələrə baş çəkirlər.
Vyaçeslav Daşkov
- Aleksandr Nevski kilsəsinin keşişi: “Tarixən biz Azərbaycan xalqı ilə mehriban münasibətlərdə olmuşuq. Bu gün bu münasibətlər davam edir. Bizim kilsə hamının üzünə açıqdır. Burada dinin fərqi yoxdur. Azərbaycan xalqına minnətdaram. Azərbaycan xalqını, prezidentini onun ailə üzvlərini təbrik edirəm”.
Bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir, onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırırlar.
Nailə Vəliyeva
- ziyarətçi: “Biz pasxa tortu bişiririk, üç rəngdə yumurta boyayırıq. Saat 4-ə kimi qeyd edəcəyik. Bu gün bütün xristianları pasxa bayramı münasibəti ilə təbrik edirəm”.
Pasxa bayramının vaxtı sabit deyil. Bayramdan əvvəl 40 günlük pəhriz tutulur.
Pasxa bayramı İsa peyğəmbərin yenidən həyata qayıtmasına həsr edilib. Ona görə də bu hadisə xristian dininin başlanğıcı hesab olunur.
Milli.Az