Gənc klassik musiqi ifaçılarının Beynəlxalq festival-müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 15 aprel,
AZƏRTAC
Azərbaycan Dövlət İncəsənət Muzeyində İslam dünyası ölkələrinin gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının Beynəlxalq festival-müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Müsabiqə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilib.
AZƏRTAC
xəbər verir ki, Təhsil, elm və mədəniyyət məsələləri üzrə islam təşkilatının (İSESCO) dəstəyi ilə “Kainat” Gənclər Mərkəzi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə Azərbaycanın gənclər və idman, mədəniyyət və turizm, xarici işlər nazirlikləri tərəfindən təşkil olunmuş festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, İndoneziya və başqa ölkələrin gənc musiqiçiləri iştirak ediblər. Bu layihə bir daha göstərib ki, İslam ölkələrinin musiqisi qədim mədəniyyət ənənələrinə söykənir və onun istedadlı davamçıları var.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin iştirakçılarını salamlayaraq qeyd edib ki, Azərbaycanda ənənəyə çevrilən festival-müsabiqə və artıq dördüncü dəfədir keçirilir. Son illər ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycan iri beynəlxalq mədəniyyət tədbirlərə – festivallara, müsabiqələrə, forumlara uğurla ev sahibliyi edir. İ.Babayev Azərbaycan mədəniyyətinin xaricdə populyarlaşmasında Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb.
Təşkilat komitəsinin sədri, “Kainat” Gənclər Mərkəzinin rəhbəri Rahib Rəsulzadə qaliblərin adlarını elan edib.
Beynəlxalq münsiflər heyətinin Qran-Pri mükafatı Ankara Konservatoriyasının tələbəsi Melisa Buyukörüyə təqdim olunub. İlk üç yeri tutan müsabiqə iştirakçılarına diplomlar və xatirə hədiyyələri təqdim edilib.
Müsabiqənin iştirakçıları həmçinin Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Musiqi Akademiyasının xüsusi mükafatlarını alıblar.
Müsabiqə İslam dünyası ölkələrinin gənc klassik musiqi ifaçılarının 4-cü Beynəlxalq festival-müsabiqəsi qaliblərinin böyük konserti ilə başa çatıb.