Sosial

“Ənənəvi İslam dəyərləri və müasirlik”

Metbuat.az

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb.



ANS PRESS-in kmitənin mətbuat xodmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Cəlilabad, Masallı və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar, həmçinin, Milli Məclisin deputatı iştirak ediblər.



Tədbiri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq maarifləndirmə məqsədilə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışıb.



Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. O qeyd edib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar insanların düşüncələrində mənfi fikir yaradır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu işlər davam etdirilməlidir.



Konfransda iştirak edən Milli Məclisin deputatı Mirkazım Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov ölkəmizdəki dövlət-din münasibətlərindən, dövlətin dinə qayğısından danışaraq dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.



Sonra konfrans işini plenar iclaslarda davam etdirib. "Dini müxtəliflik: birgəyaşayışın harmonik vəhdəti kimi" mövzusunda keçirilən birinci plenar iclas DQİDK sədrinin birinci müavini Səyyad Salahının moderatorluğu ilə baş tutub. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi fəlsəfə doktoru Aqil Şirinov, “İslamda dini müxtəliflik: tarix və bu gün”, Bakı İslam Universitetinin müəllimi, fəlsəfə doktoru Aslan Həbibov, “Vəhdət naminə məzhəblərarası dialoq”mövzularında məruzələrlə çıxış ediblər.



İkinci plenar iclas Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği" mövzusunda keçirilib. DQİDK-nın Cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədovun moderator olduğu iclasda DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov “Milli-mənəvi dəyərlər və milli maraqlar”mövzusunda çıxış edib. DQİDK-nın Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov isə DQİDK-da hazırlanmış nümunəvi layihəni konfrans iştirakçılarına təqdim edib. Dinlənilən məruzələr müzakirə edilib.



Aprelin 15-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək.

Mənbə
ANS PRESS