Efiopiya təhsil sahəsində Azərbaycan ilə əməkdaşlığı genişləndirmək istəyir
Bakı, 20 aprel,
AZƏRTACAzərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin bu ölkənin təhsil naziri Şifera Şiquti ilə görüşündə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilən görüşdə müvafiq sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, Şifera Şiquti Efiopiyanın Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.
Elman Abdullayev Azərbaycanın təhsil ocaqlarında dünyanın bir çox ölkələrindən, o cümlədən Afrika ölkələrindən tələbələrin təhsil aldıqlarını deyib. Azərbaycan ilə Afrika ölkələri arasında təhsil sahəsində əməkdaşlığın möhkəm təməlinin olduğu və hələ SSRİ dövründə bir çox Afrika ölkələrindən, o cümlədən Efiopiyadan çoxlu sayda tələbənin Azərbaycan universitetlərindən məzun olduqları diqqətə çatdırılıb.
Səfir, həmçinin Azərbaycan hökuməti tərəfindən göstərilən dəstək sayəsində azərbaycanlı tələbələr üçün xaricdə təhsil proqramının həyata keçirilməsi barədə məlumat verib.