Sosial

Dirilən şəhərdən reportaj (FOTO)

Metbuat.az

Daşkəsən sakinləri 28 may gününü səbirsizliklə gözləyirlər. Həmin gün rayondakı filizsaflaşdırma kompleksi modernləşdirmədən sonra yenidən işə düşəcək və rayonun ən azı 400 ailəsi etibarlı qazancla təmin olunacaq.



“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-dən ANS PRESS-ə verilən məlumata görə, işini bərpa edən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin işçiləri orta hesabla 400 manata qədər maaş alacaq ki, bu da təbii ki, kiçik əyalət şəhəri üçün yetərincə müsbət nəticələr verə bilər. Ailələrə maaş kimi daxil olan pullar şəhərin digər sektorlarına da daxil olaraq, manipulyativ effekt verməklə ticarət və fərdi tikinti kimi sektorları canlandıra bilər.



1954-cü ildən işə salınmış və uzun müddət Daşkəsənin vizit kartına çevrilmiş müəssisə müstəqillik illərində fəaliyyətini dayandırmışdı. Çünki filizsaflaşdırma kompleksinin məhsullarının əsas alıcısı - Rustavi metallurgiya kompleksi çoxdan işləmir. On - on iki qabaq müəssisənin işinin “Detal” şirkəti tərəfindən bərpa edilməsinə cəhd göstərilsə də, nəticə elə də uğurlu olmamamışdı. İşin təşkili, əldə edilən məhsulun satışı, işçilərə maaşların verilməsi və s. ilə bağlı problemlər yaranmışdı.



Bu problemlərin həlli üçün iki il qabaq “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin yaradılmasına qərar verildi. Bu çərçivədə 2018-ci ilə qədər Azərbaycanda bir neçə zavod qurulmalıdır. Beləliklə filizdən dənəvər istehsalı zavodu, həmçinin dənəvərdən birbaşa reduksiya yolu ilə dəmir istehsalı zavodu yaradılmalıdır. Daha sonra alınmış dəmirdən polad istehsal edən zavod, həmçinin və poladdan armatur, şveller, rels, borular, polad məftil və s. istehsal edən müssisə və sexlərin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin əksəriyyəti Gəncədə tikiləcək və şəhərin 2500-ə yaxın sakini işlə təmin ediləcək. Şəhərdə müəssisə üçün 106 hektar sahə ayrılıb və müəyyən işlər görülüb. Gəncədə maaşların daha yüksək olacağı gözlənilir. Polad istehsalında reduksiya üsulunun tətbiqi şəhərin ekologiyasına da mənfi təsir göstərməyəcək. Ümumiyətlə, bu işlərə 1 milyard manata yaxın vəsait xərclənməsi gözlənir.



Ölkədə polad istehsalının təşkili manipulyativ effekt verməklə onlarla kiçik müəssisədə minlərlə əlavə iş yeri yaratmaqla yanaşı, həm də hazırda ölkəyə polad və polad məhsulların idxalı üçün hər il xərclənən 1,3 milyard dollara qənaət etməyə imkan yaradacaq. Görülən işlər nəticəsində 2018-ci ilə kimi "Daşkəsən Filizsaflaşdırma" ASC-nin aylıq istehsal gücü 120 min tona çatdırılacaq.



İndiyə kimi Daşkəsəndə 14-15 milyon manat pul xərclənib və bu çərçivədə çox işlər görülüb: 16 kilometrlik Quşçu - Daşkəsən asma kanat yolu təmir olunub, 12 ədəd “Belaz” markalı yük maşını alınıb, filizsaflaşdırma kompleksinin binası təmir olunub, işçilərin maaş borcları ödənib və s. Alınan “Belaz” avtomobillərin 2-si 140 ton, 10-u isə 45 ton yük götürür. “Bunlar Azərbaycanın ən iri yük maşınlarıdır”, - deyə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin ictimai əlaqələr şöbəsinin müdiri Elxan Şahverdiyev ANS PRESS-ə bildirib.



Onun sözlərinə görə, ən uğurlu nəticə isə konsentrantda dəmirin sıxlığı ilə bağlı alınıb. Məsələ bundadır ki, sovet vaxtı konsentrantın sıxlığı 58-62% arasında dəyişib. “Bu, aşağı keyfiyyətli polad istehsal edən domna sobaları üçün keçərli olub, amma bizim quracağımız reduksiya texnologiyasında bu cür xammmaldan polad istehsal etmək mümkün deyil, sıxlıq ən azı 65%-ə qalxmalıdır”,- deyə Elxan Şahverdiyev vurğulayır.



Onun sözlərinə görə, vaxtı ilə Azərbaycan alimləri laboratoriya şəraitində bu sıxlığa nail olsalar da istehsalatda tətbiq edə bilməyiblər. “Daşkəsəndə çox təcrübəli, həyatlarını filizin saflaşdırmasına həsr etmiş kadrlarımız var və onlar bu işi bacardılar. Amma biz bu işi dayandırmaq istəmirik. Gəncə Texnologiya Universitetinin və Azərbaycan Texnologiya Universitetinin metallurgiya fakültələri əməkdaşlıq edərək kadra olan ehtiyacalırmızı ödəmək istəyirik. Həmçinin Gəncədə iki peşə məktəbi də ixtisaslı işçilərin hazırlanmasında bizə yardım edəcək”, - deyə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin təmsilçisi bildirir.



Çünki buna ehtiyac var. Azərbaycanın 100 milyon ton təmir ehtiyatı var və bu, qarşıdan gələn 50-60 il ərzində neftdənkənar ixrac yönümlü yeni bir istehsal sahəsinin təşkilinə imkan verəcək.















Mənbə
ANS PRESS