Daşkənddə “Möcüzəli Naftalan. Azərbaycan” kitabçasının təqdimatı olub
Daşkənd, 11 aprel,
AZƏRTACNizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində (AMƏM) paytaxtda özbək və rus dillərində çap olunan “Möcüzəli Naftalan. Azərbaycan” kitabçasının təqdimatı olub.
Tədbirdə universitetin professor müəllim heyəti, ədəbiyyat və mədəniyyət xadimləri, tələbələr iştirak edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı dirtektoru Erkin Nuriddinov bildirib ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə çap olunan kitabçada Naftalan və onun möcüzəli nefti haqqında söhbət açılır. O bildirib ki, nəşrdə şəfavericı xüsusiyyəti ilə bütün dünyada məşhur olan Naftalandakı sanatoriyalar haqqında da məlumat verilir.
AMM-nin direktoru Samir Abbasov deyib ki, Naftalan sanatoriyası 1926-cı ildən fəaliyyət göstərir. Bu, neftlə 70-ə yaxın xəstəlik müalicə edilir.
S.Abbasov vurğulayıb ki, nəşrin hazırlanmasından məqsəd Azərbaycanın turizm potensialının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən özbək turistlərinə informasiya dəstəyi göstərməkdir. O bildirib ki, AMM bu ilin avqust ayında özbək turistləri üçün Naftalana on günlük müalicə turu da təşkil edəcək. Qeyd olunub ki, layihəyə Azərbaycanın “My Travel” turizm firması da təşkilati dəstək göstərəcək.
AMƏM-nin rəhbəri Gülbahar Aşurova deyib ki, Özbəkistanda Naftalan neftinə, orada müalicə almağa böyük maraq var və əminəm ki, bu layihə uğurlu olacaq.
AMM-nin əməkdaşı Salama Fətəliyeva Naftalan və onun şəfaverici nefti haqqında slayd film nümayiş etdirib, bu haqda ətraflı məlumat verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd