Ölkə

Çexiyalı alim Bilik Fondunda

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəvəti ilə ölkəmizə səfərə gələn çexiyalı alim, I Slavyan Gimnaziyasının direktoru Tatyana Perqler ilə fondda görüş keçirilib.


Fonddan

AZƏRTAC

-a bildiriblər ki, bu qurumun icraçı direktoru Oqtay Səmədov T.Perqlerə Bilik Fondunun həyata keçirdiyi layihələr, maarifçilik sahəsində fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. İcraçı direktor elmi müstəvidə inteqrasiya və elmi nailiyyətlərin mübadiləsi prosesində fondun “Azərbaycan elmi dünyada” və “Dünya elmi Azərbaycanda” layihələr çərçivəsində gördüyü işlərdən söz açıb.


Səmimi görüş üçün Bilik Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən T.Perqler Praqada keçirilən “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisində iştirak etdiyini xatırladıb. Çexiyalı qonaq Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə xüsusi maraq göstərdiyini, rəhbərlik etdiyi gimnaziyanın da bu layihəyə qoşularaq Bakı məktəblərindən biri ilə qardaşlaşmaq arzusunu bildirib.


Səfər çərçivəsində T.Perqler Bakı Slavyan Universitetində, bu ali məktəbin nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksində, İ.Əfəndiyev adına Elitar Gimnaziyada, Dövlət İdarəçilik Akademiyasında (DİA) görüşlər keçirib.


DİA-nın rektoru, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Urxan Ələkbərovla görüşən çexiyalı alim daha sonra politologiya ixtisası üzrə təhsil alan tələbələrə “Avropa məkanında inteqrasiya prosesləri və problemlər” mövzusunda mühazirə oxuyub. Mühazirədə Avropa İttifaqında müxtəlif sahələrdə, xüsusən təhsil və sosial inkişaf istiqamətində inteqrasiya məsələlərinə dair tezis və mülahizələrini bölüşən T.Perqler tələbələri maraqlandıran sualları cavablandırıb.