"Brat Li" komediya filminin aktyor və aktrisa seçimləri başladı - FOTO
Döyüş sənətləri üzrə dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz bənzəri olan 21 yaşlı Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə Azərbaycanın populyar aktyoru Elməddin Cəfərovun baş rollarda çəkiləcəyi bədii filmin seçim turları başlayır.
Bu barədə layihənin mətbuat katibi Fuad Mədətovun Metbuat.az -a verdiyi məlumata görə, əvvəl şərti adı “Elli”, hazırda isə dəqiq adı “Brat Li” olan komediya janrında çəkiləcək bədii filminin aktyor və aktrisa seçimləri (kastinq) Bakıda Bakı Slavyan Universitetinin əsas korpusunda keçiriləcək.
Seçimlərdə 18 yaşdan 55 yaşadək hər bir şəxs iştirak edə bilər. Kastinq 26 aprel saat 10:00-dan 17:00-dək davam edəcək.
Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru, ssenari müəllifi Nicat Rzazadə və rejissoru Ruslan İsmayılovdur.
Filmin bütün texnikası və texniki heyəti xarici ölkələrin birinə həvalə olunub. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılacaq. Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, qeydiyyatdan keçmək istəyən şəxslər ad-soyad, yaş, boy və çəki, o cümlədən, 3-4 ədəd şəkillərini və özləri haqda qısa məlumatı qeyd olunan mobil telefon nömrəsinə ((+994 55) 934 36 71) “WhatsApp” vasitəsilə göndərməklə kifayətlənə bilərlər.