Sosial

Bir illik axtarış, qəfil zəng, azərbaycanlı əfsanə - XÜSUSI REPORTAJ

Metbuat.az

Adam sanki izsiz-soraqsız öz hücrəsinə çəkilmiş, ətraf aləmlə bütün əlaqəni kəsmişdi

Yenə “Domodedovo” aeroportu, yenə pasport yoxlanışı. Hər dəfə Moskvaya gedəndə bu zülmü çəkirəm. Əfqanıstan, Suriya, Pakistan vizaları, Türkiyəyə çoxsaylı gediş-gəliş, bir də Şengen vizaları. Və hər dəfə də belə qəribə trayektoriyalar cızan Məmmədov azı yarım saat saxlanılmalı, pasportundakı qeydlər barədə haralarasa məruzə edilməli və sonucda mütləq və mütləq soruşulmalıdı: “Moskvaya gəlişinizin məqsədi nədi?”

Və hər dəfə də jurnalist vəsiqəmi göstərməli, az qala hər səfər barədə müfəssəl izahat verməli və təbii ki, sonda Moskvaya gəlişimin məqsədini deməliydim...

***

...Moskva çox soyuq şəhərdi. İqlimini demirəm, mühiti. Sözün həqiqi mənasında Moskva nəinki göz yaşlarına inanır, heç axan göz yaşlarını silmir də! Amma çörəkli şəhərdir Moskva. Hər halda belə deyirlər. On minlərlə azərbaycanlı da bu şəhərdə özünə çörək qazanır; şəhərin ucu-bucağı görünməyə ənginliklərində.

Maraqlar şəhərdir həm də. Heç kim öz marağından vaz keçməz bu şəhərdə. Qürbətdəkilərin, yəni bizimkilərin, vətən anlayışı isə ən yaxşı halda pulköçürmə məntəqələrində bitir. Bəlkə, elə bu səbəbdəndir ki, Rusiya paytaxtındakı qədər diaspor təşkilatı olan bir xalqın… hələ də düz-əməlli diaspor qurumu yoxdur.

Bu şəhərdə əl tutmaq Əlidən qalıb kimi prinsiplər keçmir. Burada ən yaxşı halda sənə hansı bazarın, harada yerləşdiyini deyə bilərlər, amma hansı bazarda daha yaxşı alver getdiyini deməzlər. Burada ən ali kürsüdə oturmuş azərbaycanlı üçün də ən ümdə prinsip, məhz azərbaycanlıdan uzaq durmaqdır. Hə, özünüzü yanıltmayın, burada bizimkiləri sevmirlər… Nə onlar, nə də...

…Amma həm də sevirlər. Burada “Müslüm Maqomayevin vətənindənəm” - desən səni duz kimi yalayarlar. Və ürəklərinin dərinliyində bilirlər ki, azərbaycanlılar təkcə “Tekstilşiki” bazarında göyərti satanlardan ibarət deyil. Axı bu gün onun, həmin o moskvalının şəhərində Tahir Salahov yaşayır, Araz Ağalarov, Vahid Ələkbərov, Fərhad Əhmədov kimi on minlərlə rusiyalıya iş verən azərbaycanlılar var. Alla Axundova kimi şairəsi var ki, ssenarisini yazdığı təkcə “Şərikli çörəy”ə görə yaddaşlarda qalacaq. Fizuli Fərəcovu var ki, SSRİ-nin tarixində ən böyük təyyarəni “yığıb” . Rusiya şərqşünaslığına damağa vuran Tofiq Məlikovu var... Var, var, çoxdular. Yadıma düşənlər bunlar oldu sadəcə.

Başqa azərbaycanlılarımız da var. Adları bəlkə də tarixi vətəndə yaşayanlarımızın böyük əksəriyyətinə bəlli deyil. Onlardan bir yüzlərlə məşhur mahnının müəlliflərindən olan bakılı balası Onegin Hacıqasımov idi. Lent.az ötən il maraqlı, maraqlı olduğu qədər ziddiyyətli bir ömür yaşamış Hacıqasımovla bağlı silsilə reportajlar yayımlamışdı. Elə bu vədələr idi, nə qədər məktub alırdıq həmin yazılara görə…

Elə həmin ərəfədə bir azərbaycanlımız haqda da xəbər tutmuşduq. Mərhum Hacıqasımovdan fərqli, o, sağ idi. Nə mətbuata çıxır, nə müsahibələr verirdi. Necə deyərlər, özünü gözə soxmurdu. Sadəcə, ahıl vaxtında - yaşı 90-ı keçib - öz ömrünün son illərini xırdalayırdı.

Onu tapmaq, onun koordinatlarını öyrənmək az qala bir il apardı. Adam sanki izsiz-soraqsız öz hücrəsinə çəkilmiş, ətraf aləmlə bütün əlaqəni kəsmişdi. İncimişdi, nə idi, o boyda Moskvada bir kimsədə adi telefon nömrəsi də yox idi. Heç kimlə də əlaqə saxlamırdı.

***

- Sən onu haradan tapacaqsan? Gah sanatoriyalarda olur, gah evində. Və nə vaxt harada olduğu da bəlli deyil. Mümkünsüz yəni.

- Doğrudanmı bu boyda Moskvada onun yerini bilən yoxdur?

Köhnə dostumuz və həmkarımız Vaqif Adıgözəlov haralara zəng eləmədi. Hər dəfə də telefonun dəstəyini yerə qoyan kimi utana-utana üzümə baxırdı.

- Vaqulya, (mən onu belə çağırıram) eybi yox, tapılar.

Başqa bir həmkarımız Tünzalə Vəliqızının iki gün boyunca zəng etmədiyi adam qalmadı. Ən pisi də o idi ki, zaman-zaman özlərini diaspora lideri kimi təqdim edib heç nəyə yaramayanlar, ümumiyyətlə belə bir adamı tanımadıqlarını deyirdilər.

***

Və…

Və kiçik, çox kiçik bir təsadüf 5 dəqiqənin içində bütün bu gərginliyə son qoydu. Vur-tut bir zəng.

Bəs kim idi zəng edən?

Bir il idi kimi axtarırdıq ki, məhz sırf təsadüf nəticəsində tapa bildik?

Biz həmin təsadüfün nə olduğunu yazacağıq. Kimi axtardığımızı da. İndilikdə isə bunu deyəcəm: o, bir əfsanə...

Nələrdən, nələrdən keçmiş bu azərbaycanlı əfsanə?

Bax, bu, artıq sabahkı söhbətin mövzudur. Lent.az-da qalın. Çox maraqlı olacaq!

(Bu yazı Səba Ticarət nişanının dəstəyi ilə hazırlanıb )

Səbuhi Məmmədli, Moskva