Sosial
Bir daha məlum "adamyeyən" fətva haqqında
Dünyanın bir çox aparıcı informasiya agentlikləri, o cümlədən də yerli elektron KİV, Səudiyyə Ərəbistanının baş müftisinin kişinin acından ölmək təhlükəsi ilə üzləşdiyi zaman həyat yoldaşının bir hissəsini yeməyə haqqı çatdığı barədə fətva verdiyini yaymışdı.
Milli.Az islam.az-a istinadən bildirir ki, bir sıra beynəlxalq KİV bunun həqiqətə uyğun olmadığını yazıb və müftinin təkzibini təqdim edib.
Təəssüflə qeyd etmək istərdik ki, böyük ehtimalla bu da son zamanlar vahid ümmət içində müxtəlif məzhəblər arasında aparılan informasiya müharibəsinin bir hissəsidir. Zaman-zaman gah bu, gah da digər məzhəblərin dini liderləri haqqında bu tipli müəmmalı xəbərlər yayılır.
Bununla bərabər qeyd etmək istərdik ki, bu xəbərin məhz şiə yönümlü informasiya mənbələri tərəfindən yayılması haqda iddia da əsassızdır. Bu xəbər ilk dəfə məhz, şiəliyə aid olmayan ərəb mediası tərəfindən yayılıb. Belə ki, islamazeri.az saytının araşdırmasına görə bu xəbəri ilk dəfə Misirin "youm7.com" saytı, İngiltərədə yaşayan ərəblərin "Əl Qüds Ərəbi" qəzetinin saytı, Əlcəzairin "algeriaworld.net" saytları yayıb. Eyni zamanda ərəb TV kanalları da bu xəbəri tirajlayıb.
Sadəcə gəlinən nəticə bu olmalıdır ki, bundan sonra mətbuat, xüsusilə dini mətbuat, bu tipli həssas mövzularda diqqətli olmalıdır.
Milli.Az