Biləsuvarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib
Biləsuvar, 2 aprel, Mahir Babayev,
AZƏRTACYeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin konfransında hesabat dövründə görülən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
AZƏRTAC
xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı tarixi rolundan danışan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirib ki, hazırda rayon təşkilatının 4 min 862 üzvü var və onların 1443 nəfərini gənclər təşkil edir.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Kamil Qurbanlı ötən müddət ərzində görülən işləri diqqətə çatdırıb. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışan sədr bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. Son illərdə rayonda 14 yeni məktəb binasının inşa edilməsini, Biləsuvar Olimpiya Kompleksi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi başa çatan iki uşaq bağça-kompleksi və digər infrastruktur layihələrini gənclərin hərtərəfli inkişafına yönələn dövlət siyasətinin bariz nəticəsi kimi səciyyələndirən K.Qurbanlı, gənclərin dövlət və bələdiyyə orqanlarında da layiqincə təmsil olunduğunu söyləyib.
Çıxış edən YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və başqaları əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.