Mədəniyyət

Beş istiqamət üzrə Dövlət proqramlarının layihələri hazırlanıb

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

Nazirliyin fəaliyyət dairəsinə aid əsas istiqamətlər üzrə Dövlət proqramlarından ikisi – “kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə” və “2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət proqramları artıq yekunlaşmış, "Azərbaycan kinosu 2008-2018-ci illərdə", “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə” Dövlət proqramları icra edilməkdədir.


AZƏRTAC

xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.


Nazir bildirib ki, vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin və məqsədyönlü idarəetmənin səmərəliliyi nəzərə alınaraq uşaq incəsənət və rəssamlıq məktəblərinin inkişafı, Dövlət rəsm qalereyaları, qeyri-maddi mədəni irsin qorunması, Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliği, nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin inkişafı ilə əlaqədar beş istiqamət üzrə Dövlət proqramlarının layihələri hazırlanmışdır və indi həmin sənədlər razılaşdırma mərhələsindədir.