Bakıdakı piyada keçidi baxımsız vəziyyətdədir (VİDEO)
“Azneft” dairəsində üzü Bayıl istiqamətinə doğru hərəkət edərkən Bayraq Meydanı ərazisində inşa olunan yeraltı piyada keçidi sözün əsil mənasında zibilliyi xatırladır. Çünki, ilk dəfə idi ki, yeni təmirdən çıxmış yeraltı piyada keçidi bərbad bir vəziyyətdə görürdük. İlk baxışdan elə təəssürat yarandı ki, biz yeraltı piyada keçidində yox, gündəlik məişət tullantılarının toplandığı yerdəyik.
Hələ eskalatorun ətrafında və üstündə yığılıb qalan siqaret kötükləri, sellofan, zibill tullantıları, bizdə bir anlıq elə fikir yaratdı ki, bura heç ümumiyyətlə nəzarət olunmur.
Ərazidə dolaşan təmizlik işi aparanlardan bu keçidi niyə təmizləmədiklərini soruşanda bizə bildirdilər ki, ərazi onlara aid deyil. Yalnız yol kənarlarının təmizliyi onların işinə daxildir.
Ətrafdakı sakinlər də buranın zibilliyə çevrilməsindən giley-güzar edirdi. Onların sözlərinə görə, yeraltı piyada keçidinin zibil tullantıları ilə dolub daşmasından əlavə, ərazidəki eskalator da ümumiyyətlə işləmir. Eyni zamanda işıqlar axşam saatlarında yanmır, piyada keçidinin baxımsızlığı da ki, öz yerində.
Bir müddətdən sonra natəmiz ərazini tərk edib üz tutduq ərazidəki digər yerlərə. Burada isə vəziyyəti qənaətbəxş hesab etmək olardı. Belə olan halda sual yaranır. Bəs niyə bu natəmiz piyada keçidi digərləri kimi təmiz vəziyyətdə deyil? Niyə ona baxan yoxdur?
Ümid edirik ki, verilən suallar yaxın vaxtlarda öz cavabını tapar və aidiyyatı qurumlar bu qorxunc vəziyyəti tezliklə aradan qaldırar.
ANS-TV-Orxan Mahmudoğlu