Bakıda Türk şairinin şeir gecəsi keçirilib
Baki, 13 aprel, Zərəngiz Mansurova,
AZƏRTAC“Kitabevim.az” mağazalar şəbəkəsində Türkiyənin məşhur gənc yazıçısı Kahraman Tazeoğlunun şeir gecəsi keçirilib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə mətbuat nümayəndələrinin suallarını cavablandıran K.Tazeoğlu Bakını özünə ikinci Vətən saydığını bildirib. O, Bakıda özünü doğmalarının arasında olduğu kimi hiss etdiyini söyləyib və bu əlaqələrin daha da artacağını vurğulayıb. Ölkəmizdə möhtəşəm tikililərin getdiyini, Bakının simasının günü-gündən cavanlaşdığını vurğulayan qonaq insanlarının da kitaba, ədəbiyyata marağı və hər kəsdə güclü zövq və qonaqpərvərliyi yüksək qiymətləndirib.
Sonra şairin öz ifasında şeirləri səsləndirilib. Onun “Araz”, “Mavi ev”, “Bambaşqa” və digər şeirlərini dinləyicilər alqışlarla qarşılayıb.
Sonda K.Tazeoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib.