Bakıda din xadimini qətlə yetirən şəxsin görüntüləri yayılıb
Bakı. 2 aprel. REPORT.AZ/ Bakıda bu ilin mart ayının 14-də din xadimini qətlə yetirən şəxsin görüntüləri yayılıb. "Report"un məlumatına görə, cinayəti törədən 1987-ci il təvəllüdlü Goranboy rayon Dəliməmmədli qəsəbə sakini Cahangirov Məhəbbət Vilayət oğlu istintaqa ifadə verib. O, ifadəsi zamanı 1970-ci il təvəllüdlü Tahir Talıbovu ona yazdığı duaya görə qətlə yetirdiyi bildirib. M.Cahangirov qeyd edib, din xadimi ona dua yazandan sonra baş ağrıları çoxalıb. O, yazılan duanin nəticəsini görmədiyinə görə din xadimini qətlə yetirdiyini bildirib.
Qeyd edək ki, M.Cahangirov Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsi (PB) əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat zamanı qətlə yetirən Goranboy rayon Dəliməmmədli qəsəbə sakini Cahangirov Məhəbbət Vilayət oğlu saxlanılaraq istintaqa təqdim olunub. Polis əməkdaşları 1987-ci il təvəllüdlü M.Cahangirovu yaşadığı rayonda saxlayaraq istintaqa təqdim ediblər. Saxlanılan şəxs barəsində Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq zamanı hadisənin təfərrüatlarına aydınlıq gətiriləcək.
Hadisə İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə T.Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış.