Bakı Elm Festivalında iştirak edən istedadlı uşaq və yeniyetmə rəssamlar mükafatlandırılıb
Bakı, 17 aprel,
AZƏRTACAprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında akademiyanın təşkilatçılığı ilə keçirilmiş Bakı Elm Festivalında iştirak edən istedadlı uşaq və yeniyetmə rəssamların mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, istedadlı uşaqların rəsmləri festivalda “İnkişaf və Dünya” İctimai Birliyinin (İB) dəstəyi ilə sərgilənib.
Tədbirdə AMEA-nın rəyasət heyəti aparatının elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov çıxış edərək Azərbaycanda ilk dəfə keçirilmiş Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb. Bildirilib ki, festivalın əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi tədqiqat işlərinə marağı artırmaqdır.
Alim vurğulayıb ki, festival Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Neft Şirkəti və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb. Festival çərçivəsində elmin təbliği, elmin populyarlaşdırılması, cəmiyyətdə elə olan marağın artırılması, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin dövlət və sənaye sektoru ilə təmasının gücləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilib. Belə tədbirlərdən biri də “İnkişaf və Dünya” İctimai Birliyinin dəstəyi ilə uşaq və yeniyetmə rəssamlar üçün təşkil olunub. Belə ki, festivalda onların yaradıcılıq sərgisi açılıb. Tədbirdə müxtəlif janrlarda çəkilmiş əsərlər nümayiş etdirilib və maraqla qarşılanıb.
Alim, gənc və yeniyetmə rəssamlara uğurlar arzulayaraq onlara müasir Azərbaycanın hərtərəfli inkişafından bəhrələnərək, düzgün istiqamətdə, əsl peşəkar fırça ustası kimi yetişməyi tövsiyə edib. Bildirib ki, AMEA hər bir istedadlı Azərbaycan övladının inkişafına lazımi köməkliyi göstərməyə hər zaman hazırdır.
Əminağa Sadıqov belə istedadların üzə çıxmasında böyük zəhməti olan “İnkişaf və Dünya” İctimai Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən İB-nin sədri Namazəli Mustafayev rəhbərlik etdiyi qurumun gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən söz açıb. Ölkəmizdə istedadlı gənclərə yaradılan hərtərəfli qayğı və xüsusi diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
İctimai birliyin Bakı Elm Festivalında iştirakını qurum üçün xüsusi əhəmiyyətli hadisə adlandıran N. Mustafayev deyib ki, festival çərçivəsində keçirilən sərgidə istedadlı rəssamlar - Cəbrayıl Əliyev, Nərgiz Bayramova, Çingiz Rəcəbli, Pərvin Mustafayeva, Rüvail Muradlı və Tamerlan Ağayev Azərbaycan xalq nağıllarına sistem illüstrasiyalarla çıxış ediblər. Festivalda gənc rəssamlar AMEA-nın müxtəlif elmi müəssisələrinin sərgi pavilyonlarında tematik kitab nəşrləri, eləcə də Azərbaycanın bir sıra məşhur alimləri ilə tanış olublar.
N.Mustafayev ictimai birliyin fəaliyyətini dəstəklədiyinə və yaradılan gözəl iş şəraitinə görə AMEA-nın rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra istedadlı fırça ustalarına AMEA-nın sertifikat və qiymətli hədiyyələri təqdim edilib.
Azərbaycan xalq nağıllarının təbliğində yaradıcılıq və təşkilatçılıq işinə görə “İnkişaf və Dünya” İctimai Birliyinin sədri Namazəli Mustafayev də mükafatlandırılıb.