İqtisadiyyat

Azərbaycan və Əfqanıstan arasında iqtisadi əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Əfqanıstanın mədən və neft naziri Daud Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


İqtisadiyyat və Sənaye Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə Şahin Mustafayev qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Ticarət, enerji, nəqliyyat, tikinti materiallarının istehsalı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib, bunun üçün işçi qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb.


Daud Saba səmimi qəbul üçün təşəkkürünü bildirib, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib. Nazir Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb. Daud Saba ölkəsinin iqtisadiyyatına və investisiya mühitinə dair məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bildirib.


Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, qanunvericilik bazasının genişləndirilməsi, enerji, infrastruktur, tikinti materiallarının istehsalı və digər məsələlər barədə müzakirələr aparılıb.