Azərbaycan Tərcümə Mərkəzinin nəşri olan “Candles” Londonda təqdim edilib
Bakı, 16 aprel,
AZƏRTACAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) növbəti nəşri – “Candles” (“Şamlar” – müasir Azərbaycan şeir antologiyası) kitabının Londonda təqdimat mərasimi keçirilib.
ATM-dən
AZƏRTAC-a bildirilib ki, tədbir Londonun Trafalqar meydanı yaxınlığında yerləşən, Avropanın ən böyük kitab mərkəzi “Watersthones” Kitab Evində baş tutub. Təqdimat mərasimində London ədəbi ictimaiyyəti, şair və yazıçılar, ölkəmizin Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şair Matt Panesh kitab barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu kitab vasitəsilə ingilis oxucuları 50-dən çox Azərbaycan şairinin yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər. O, kitabla tanışlıqdan sonra Azərbaycan şairlərinin özünəməxsus düşüncə tərzini və poetik palitralarını mükəmməl şəkildə ifadə etməyə qadir olduqları qənaətinə gəldiyini söyləyib.
Şair Qarabağın işğal altında olduğunu, Azərbaycanın müharibə şəraitində yaşadığını bildiklərini vurğulayaraq bütün bu bəlaların kitabda yer alan şeirlərdə olduqca təsirli göstərildiyini deyib. Bildirib ki, müəlliflərin əksəriyyəti, nəinki Azərbaycan, eləcə də dünya üçün yeni olan bədii düşüncə özəlliyi, fərqli poetik üslubu və stixiyası olan qələm adamlarıdır. O, belə kitabların Azərbaycanı və onun ədəbi fikrini ingilis oxucusuna çatdırmaqda əhəmiyyətli rolunun olduğunu söyləyərək bu təşəbbüsə görə Azərbaycan Tərcümə Mərkəzinə təşəkkürünü bildirib.
Tədbirdə ATM-in direktoru Afaq Məsud xalqlararası qarşılıqlı anlaşmanın ən qısa yolunun ədəbiyyat, şeir, poeziya olduğundan söz açaraq, Azərbaycanın zəngin ədəbi xəzinəsindən danışıb. Bildirib ki, uzun illər Sovet İttifaqının tərkibində olan Azərbaycanın dünyaya çıxışı məhdud olduğundan ədəbiyyatımızın, zəngin söz xəzinəmizin də beynəlxalq ədəbi fikir müstəvisinə çıxarılması asan olmayıb. Bu gün müstəqil Azərbaycan bütün, eləcə də ədəbiyyat sahəsində dünyaya birbaşa inteqrasiya edir.
O, qeyd edib ki, bu kitab Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində Tərcümə Mərkəzinin həyata keçirdiyi ilk beynəlxalq formatlı nəşr layihəsidir.
A.Məsud bu gün əsərləri bir çox nüfuzlu elm mərkəzləri tərəfindən tədqiq olunan Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dühalar yetirən Azərbaycanın müasir poeziyasının da, nəsrinin də dünyaya layiq olduğu səviyyədə çatdırılmalı olduğunu vurğulayaraq deyib: “Bununla bağlı Mərkəz dünya ədəbi fikir müstəvisinə çıxarılacaq əsərlərin tərcümə prosesinin ən mükəmməl səviyyədə təşkil edilməsi yollarını arayıb-axtarır, bu işə dünyanın məşhur yazıçı və şairlərini, bədii tərcümə ustalarını cəlb etməyə çalışır. Hazırda Mərkəzin bu istiqamətədə həyata keçirdiyi fundamental layihə – Azərbaycanın yazıçı və şairlərinin seçmə əsərlərinin toplandığı iki cildli “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” kitabıdır ki, hazırda bir neçə dünya dillərinə tərcümə olunur. Bu kitabın, həmçinin, həmin ölkələrdə nəfis tərtibli nəşri də nəzərdə tutulur”.
Direktor diqqətə çatdırıb ki, mərkəz ədəbiyyatımızın dünyada təbliği ilə yanaşı, dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması istiqamətində də böyük işlər görür. Təkcə ingilis ədəbiyyatından Ceyms Coys, Tomas Eliot, Virciniya Vulf, Somerset Moem, Doris Lessinq, Harold Pinter, Coan Roulinq, Brayan Oldiss, Riçard Oldinqton, Qrem Svift, Culian Barns, Con Benvil, Uilyam Bleyk, Con Kits kimi şair və yazıçıların əsərləri tərcümə edilərək, “Xəzər” dünya ədəbiyyatı jurnalı və kitablar vasitəsilə geniş oxucu kütləsinə çatdırılıb.
A.Məsud bildirib ki, mərkəz, həmçinin sürətli yenilənmə və inkişaf prosesində olan Azərbaycana, Qarabağ həqiqətlərinə dair mətn və materialların, tarixi sənədlərin beynəlxalq aləmin diqqətinə çatdırılması istiqamətində də iş aparır.
Sonra ingilis şairləri Matt Panesh və Sophia Walker Əli Kərim, Vaqif Səmədoğlu, Vaqif Bəhmənli, Əjdər Ol, Aysel Əlizadənin kitabda yer alan şeirlərini ingilis dilində səsləndirib və həmçinin öz şeirlərini də oxuyublar.