İqtisadiyyat

Azərbaycan ilə Rusiya əczaçılıq və tibb sənayesində əməkdaşlıq edəcəklər

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Azərbaycan ilə Rusiya əczaçılıq və tibb sənayesində əməkdaşlıq barədə razılığa gəliblər.


AZƏRTAC

Rusiya Sənaye və Ticarət Nazirliyinin saytına istinadla xəbər verir ki, bu barədə razılaşma Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıbanın rəhbərliyi ilə bu ölkənin nümayəndə heyətinin Bakıya ikigünlük işgüzar səfəri zamanı əldə olunub.


Səfər bu il mayın 26-27-də Bakıda keçiriləcək “Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumu və sərgisinin işgüzar proqramının hazırlanması çərçivəsində baş tutub. Forum və sərgiyə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov gələcək. Tədbir əczaçılıq və tibb sənayesi sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına yönəlib.


Tərkibinə Rusiya Sənaye və Ticarət Nazirliyinin, RF Səhiyyə Nazirliyinin, bu ölkənin Azərbaycandakı ticarət nümayəndəliyinin təmsilçilərinin, habelə iri əczaçılıq şirkətlərinin rəhbərlərinin daxil olduqları nümayəndə heyəti ilkin səfər çərçivəsində Bakıda İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) görüşlər keçirib. Rusiyanın əczaçılıq bazarının nümayəndələri ilə danışıqlarda Azərbaycanın 20-dən çox ən iri distribüteri və əczaçılıq şirkəti iştirak edib.


Səfər Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin dəstəyi ilə reallaşıb.