“Axınla aşağı” ABŞ festivallarında (VİDEO)
Son dövrdə çəkilmiş Azərbaycan filmlərindən biri ABŞ-da festivallara qatılacaq.
ANS PRESS-in “Azərbaycanfilm” kinostudiyasından aldığı məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” tərəfindən lentə alınan “Axınla aşağı” tammetrajlı bədii filmi aprelin 10-dan 19-dək ABŞ-da keçirələcək iki beynəlxalq festivala dəvət alıb.
Hyustonda keçirələcək məşhur Worldfest-Houston International Film Festival çərçivəsində filmin Amerika təqdimatı baş tutacaq. Rejissor Asif Rüstəmovun “Axınla aşağı” filmi festivalın əsas proqramında yer alıb.
Film, həmçinin aprelin 30–dan mayın 7-dək Los Angelesdə keçirələcək “SEEfest Film Festivalı”nda da nümayiş etdiriləcək. Festival Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır.
Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.
Qeyd edək ki, filmin dünya premyerası 1263 kino mütəxəssisinin - ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu Karlovy Vary Beynəlxalq Film Festivalı çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşib.
ANS PRESS