Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
Bakı, 10 aprel,
AZƏRTACAzərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Ombudsman Aparatından
AZƏRTAC-a bildirilib ki, görüşdə fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti, QHT-lərin inkişafı, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, bu qurumlarla əməkdaşlıq, penitensiar sistemdəki vəziyyət, habelə ölkədə milli preventiv mexanizmin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
Müvəkkil Ombudsman Aparatının nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini, insan hüquqları sahəsində işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıb. E.Süleymanova nümayəndə heyətinin rəhbəri Aleksandr Qesselin QHT-lər, onların qeydiyyatı ilə bağlı sualını cavablandıraraq, fəaliyyətə başladığı ilk vaxtlardan dövlət qurumları və beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti institutları ilə də səmərəli əməkdaşlıq əlaqələri yaradıldığını deyib. QHT-lərin problemlərinin səlahiyyətli dövlət qurumları ilə müzakirə olunduğu, qanunvericiliyə edilən əlavə və dəyişikliklərin QHT-lərin daha səmərəli fəaliyyətinin təmin edilməsinə yönəldildiyi bildirilib.
Qonağın sərbəst toplaşma azadlığının təmini vəziyyəti ilə əlaqədar sualına cavabında E. Süleymanova fəaliyyəti dövründə keçirilmiş seçkilərin ombudsman və əməkdaşları tərəfindən müşahidəçi qismində izləndiyini, hər bir rayonda təşkil olunmuş çoxsaylı açıq və qapalı yerlərə baxışlar keçirildiyini, seçki prosesinin şəffaflığının daha da artırılması məqsədilə vətəndaşların, bu işə cəlb olunan qurumların nümayəndələrinin, polis əməkdaşlarının maarifləndirilməsinə önəm verildiyini və bu sahədə müəyyən işlərin görüldüyünü vurğulayıb.
Müvəkkil Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla icra edildiyini, müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını vurğulayıb. Respublikamızın hər bir rayonunda yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və milli azlıqların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirildiyi diqqətə çatdırılıb.
Görüşdə müvəkkil bır sıra təkliflər səsləndirib, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.