Ali Neft Məktəbi bolqar universiteti ilə müqavilə imzalayıb
Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin (AKRU) rektoru, professor Xristo İvanov Beloyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. BANM-in ictimai əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qonaqlar BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər. Görüş çərçivəsində BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Əməkdaşlığın əsas məqsədi BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bakalavr hazırlığı proqramı çərçivəsində tədris olunacaq fənlərin materiallarının AKRU tərəfindən BANM-ə verilməsi, tədris prosesinin təşkilinə metodiki yardımın göstərilməsi, eləcə də müxtəlif maliyyə mənbələri hesabına birgə elmi-tədqiqat işlərinin aparılmasını təmin etməkdir.