Akademik Milli Dram Teatrının əlaqələri genişlənir
Bakı, 20 aprel,
AZƏRTACAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak etmək üçün Türkiyəyə yolda düşüb.
Türkiyə Dövlət Teatrları baş müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan bu festival artıq 8 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır.
Milli Dram Teatrının mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, dostluq və sülhü əsas məramı hesab edən festivalda ötən müddət ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib.
Ötən il festivalda Azərbaycanı Akademik Milli Dram Teatrı “İlahi oyun” tamaşası ilə təmsil edib və teatrımızın tamaşası böyük müvəffəqiyyət qazanıb.
Festivalın bu ilki proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdıstan, Türkmənistan və başqa teatrların tamaşaları daxildir. Bu il “Min nəfəs, bir səs” festivalında Azərbaycanı Şəki Dövlət Dram Teatrı “Xəsis” tamaşası ilə təmsil edəcək.
Festival müddətində məşhur türk dramaturqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsi də keçiriləcək. TÜKRKSOY və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək müsabiqədə bütün türkdilli xalqların nümayəndələri iştirak edəcək. İsrafil İsrafilov müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.
Bununla yanaşı səfər çərçivəsində İ.İsrafilovun beynəlxalq əməkdaşlıq layihələri ilə bağlı bir sıra işgüzar görüşləri nəzərdə tutulub.