Akademik Milli Dram Teatrının direktoru Türkiyəyə gedib
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 20-dən 30-dək davam edəcək festivala İ.İsrafilov fəxri qonaq qismində qatılacaq.
Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti
Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalı artıq 8 ildir keçirilir. Dostluq və sülhü əsas məramı hesab edən festivalda bu 8 il ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib.
Xatırladaq ki, ötən il festivalda Azərbaycanı Akademik Milli Dram Teatrının “İlahi oyun” tamaşası təmsil edib və teatrımızın tamaşası böyük müvəffəqiyyət qazanıb.
Festivalın bu ilki proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdıstan, Türkmənistan, Kipr, Albaniya və Xakasiya teatrlarının tamaşaları da daxildir.
Bu il “Min nəfəs, bir səs” festivalında Azərbaycanı Şəki Dövlət Dram Teatrının “Xəsis” tamaşası təmsil edəcək. Festival müddətində məşhur türk dramatuqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsi də keçiriləcək. TÜRKSOY və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək müsabiqədə bütün türkdilli xalqların nümayəndələri iştirak edəcək.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.
Bununla yanaşı səfər çərçivəsində İsrafil İsrafilovun beynəlxalq əməkdaşlıq layihələri ilə bağlı bir sıra işgüzar görüşləri nəzərdə tutulub.