Ölkə

“ADA” Universiteti ilə Vyetnam Diplomatiya Akademiyası əlaqələri genişləndirəcək

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə Vyetnama səfəri çərçivəsində bu ölkənin Diplomatiya Akademiyasının prorektoru Nquyen Vu Tunq ilə görüşüb.


Azərbaycanın Hanoydakı səfirliyindən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə iki ölkənin tarixən təhsil sahəsində əlaqələrinin olduğu, hələ sovet dövründə çoxlu sayda vyetnamlının Azərbaycanda ali təhsil aldığı qeyd edilib.


Tərəflər iki ölkə arasında təhsil sahəsində ənənəvi əməkdaşlığın müasir dövrdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.


F.İsmayılzadə “ADA” Universitetində hazırda üç vyetnamlı tələbənin təhsil aldığını və onların sayının artırılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, təmsil etdiyi ali məktəbdə təhsil imkanları barədə danışıb.


Görüşdə “ADA” Universiteti ilə Vyetnam Diplomatiya Akademiyası arasında əməkdaşlıq haqqında sazişin imzalanması, tələbə və müəllim mübadiləsi, birgə konfransların təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.