Yol polisindən bahalı nömrə və avtomobillərlə bağlı açıqlama - FOTO
Kamran Əliyev: "Nömrə hansı maşına vurulubsa, bu barədə DYP-də qeydiyyat aparılıb"
"Avtomobilin dövlət qeydiyyat nişanları ilə bağlı qanunsuz hərəkətlərə yol verən, nömrələri eyni vaxtda ayrı-ayrı nəqliyyat vasitələrinin üzərinə vuran şəxs Dövlət Yol Polisi Tərəfindən aşkar olunarsa, sözsüz ki, məsuliyyətdən kənarda qalmayacaq".
Milli.Az xəbər verir ki, bunu
avtosfer.az-a açıqlamasında DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik
Kamran Əliyevdeyib. İki gün öncə saytda yaydığımız 10 UO 002 dövlət nömrə nişanının eyni vaxtda deyil, ayrı-ayrı vaxtlarda bir neçə maşına vurulduğunu deyən DYP rəsmisi əlavə etdi ki, bununla bağlı konkret faktlar olarsa, yol polisi mütləq tədbir görə bilər: "Lakin bu maşının fotoları ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, burada qanunsuz heç nə yoxdur. Çünki avtomobilin nömrəsi DYP-də qeydə alınıb. Yəni, nömrə hansı maşına vurulubsa, bu barədə DYP-də qeydiyyat aparılıb. Əgər kimdəsə belə fakt varsa ki, bir nömrə eyni vaxtda iki maşına vurulub, belə faktları bizə təqdim etsinlər, bizə də xoş olar ki, DYP-yə dəstək olurlar və qanunsuz əməllərin qarşısı alınır".
Kamran Əliyev onu da dedi ki, bu nömrənin vurulduğu avtomobillər bir yox, ayrı-ayrı şəxslərin adına olub. Lakin qeyd etmək yerinə düşər ki, bu fotoları Facebook-da Həsən Həsənov adlı şəxs öz profilində yayıb. Fotolardan da məlum olur ki, 10 UO 002 dövlət nömrə nişanı ağ və qara rəngli "Mersedes S-Class" markalı avtomobillərin, ağ rəngli "Mersedes-Gelandewagen"in, həmçinin, "Cadillac" markalı avtomobilin üzərində olub.
Milli.Az