Yazdığı ölməz misralarla qəlbləri yol tapan şairin xatirəsi anılıb
Bakı, 5 mart, Z.Mansurova,
AZƏRTACMartın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şairə Nurəngiz Günün anma mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, AYB-nin sədri, xalq yazıçısı Anar Nurəngiz Günün təkrarsız yaradıcılığından danışıb.
“Vektor” nəşrlər evinin direktoru, şair-publisist Elçin İsgəndərzadə, filologiya elmlər doktoru Vaqif Yusifli, şair Oqtay Rza, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh və başqaları Azərbaycan poeziyasının “Ağ çiçəyi” olan N.Gün yaradıcılığının illər keçdikcə poetik təravətini itirməyəcəyini söyləyiblər. “Yol olanadək yol gedən” misralarını yaradıcılığının devizi bilən Nurəngiz Gün həyatının sonunadək öz yolunu, öz üslubunu qoruyub saxlamışdır.
Diqqətə çatdırılıb ki, Nurəngiz Gün 1938-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib. O, hər zaman gənclərə, tələbələrə düzgün yol göstərib, onlara arxa-dayaq durub.
Çıxış edənlər ədəbiyyata “Tanrı” povesti ilə gələn şairənin “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və başqa kitabların müəllifi kimi ədəbiyyatımızda əbədi qalacağını vurğulayıblar.
Nurəngiz Günün şeirləri bir çox xarici ölkələrdə – Türkiyə Estoniya, Özbəkistan, İran, İraq və digər ölkələrdə , çap olunub və müxtəlif mükafatlara layiq görülüb.
Tədbirdə Nurəngiz Günə həsr olunmuş şeirlər oxunmuşdur.
Sonda şairin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.