Xalqımıza başucalığı gətirən insan – general Əlağa Şıxlinski
Bakı, 17 mart, Salehə Əliyeva,
AZƏRTACBu il general Əlağa Şıxlinskinin anadan olmasından 150 il keçir.
Azərbaycan Prezidenti İlham Əliyevin “General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 20 noyabr tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə silsilə tədbirlər keçirilir.
General Ə.Şıxlinski haqqında sənədli filmin rejissoru Ziya Şıxlinski
AZƏRTAC-a bildirib ki, Müdafiə Nazirliyində əfsanəvi generalın yubileyinə həsr olunan tədbir keçirilib.
Mərasim iştirakçıları rejissor Z.Şıxlinskinin “O, artilleriyanın Allahı sayılırdı” sənədli filminə baxıblar.
Filmin nümayişindən əvvəl çoxsaylı çıxışlar olub. Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Nazim Əhmədov qeyd edib ki, çalışdığı qurum Nazirlər Kabinetinə təqdim etmək üçün təkliflər hazırlayır. Onların sırasında paytaxtımızın metro stansiyalarından birinə general Əlağa Şıxlinskinin adının verilməsinə dair təklif də yer alıb.
Vurğulanıb ki, “O, artilleriyanın Allahı sayılırdı” sənədli filmi göstərdiyi qəhrəmanlıqlarla bəşəri dəyərləri müdafiə edərək xalqımıza başucalığı gətirən övladlarımızın xatırlanmasına kömək edir.
Görkəmli hərbi xadim, general-leytenant Əlağa İsmayılağa oğlu Şıxlinski XX əsrin əvvəllərində genişmiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi döyüş meydanlarında göstərdiyi şücaətləri və artilleriya nəzəriyyəsindəki yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət institutlarının təsis olunmasında, o cümlədən milli hərbi hissələrin təşkilində, müstəqil ordunun yaradılmasında, habelə sonrakı illərdə hərbi anda sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşmasına dəyərli töhfələr verib.
Tədbirdə, həmçinin 1985-ci ildə çıxmış “Ə.Şıxlinskinin xatirələri” kitabının yenidən nəşr edilməsinin zəruriliyindən, habelə “Artilleriya Allahına” Bakıda və onun vətəni Qazaxda abidə qoyulması zamanının yetişdiyindən də söhbət açılıb.