Mədəniyyət

Xalq yazıçısının 115 illik yubileyi qeyd olunacaq

Metbuat.az

Bakı, 27 mart, Z.Mansurova,

AZƏRTAC

 


Martın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun 115 illik yubileyi qeyd olunacaq.


1900-cü ilin oktyabrında Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olan Süleyman Rəhimov ədəbi fəaliyyətə 1930-cu ildən başlamışdı. “Şamo”, “Saçlı”, “Mehman” romnları onun ədəbi mühitdə şöhrət qazanmasına səbəb olmuşdu. Ədibin bir-birindən maraqlı “Aynalı”, “Ağbulaq dağlarında”, “Ana abidəsi”, “Qafqaz qartalı”, “Minnətsiz çörək”, “Pəri çınqılı”, “Qara torpaq sarı qızıl”, “Tülkü və şir”, “Ləpirlər” və digər əsərlərində canlı xalq dili, ədəbi dilimizin gözəllikləri öz geniş əksini tapıb.


Süleyman Rəhimov sənətdə qazandığı uğurlarına, fədakar yazıçı əməyinə görə üç dəfə Lenin ordeni, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdi. 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşdü.


1983-cü il oktyabrın 11-də vəfat edən yazıçı Fəxri xiyabanda dəfn olunub.