Mədəniyyət

Xalq şairi Cabir Novruzun anadan olmasından 92 il ötür

Metbuat.az

Bakı, 12 mart, Zərəngiz Mansurova,

AZƏRTAC

“Tələsin insanlar, tələsir zaman!” Dönə-dönə həyatın kəşməkəşlərindən, çətin sınaqlarından çıxmış bu məntiqi ifadəni XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrini yaradan, hələ sağlığında ikən bir çox sözləri aforizm kimi işlədilən xalq şairi Cabir Novruz deyib.


Əgər yaşasaydı martın 12-də Cabir Novruzun 92 yaşı tamam olacaqdı. Görkəmli şair öz əsərlərində Azərbaycan poeziyasının, milli örnəklərini, poetik irsimizin zəngin ənənələri yaşadıb, müasir ədəbi cərəyanların tələblərindən irəli gələn əsərlər yaradıb.


Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.


Şairin “Unudulmuş kənd”, “O, kim idi?”, “Batan buruğun xatirəsinə”, “Mən həmişə qazanıram”, “Yaxşılıq”, “Şerlərimə resenziya”, “Ömürlə söhbət”, “Baba yurdu”, “Görüş”, “Bir dünyam var”, “Mənim nəslim”, “Günəş tutulan günü düşüncələr”, “Nə yaxşı ki, bu qar yağdı”, “Ana”, “Cavanlığım” və başqa uğurlu şerlərində, eləcə də “Qərbi Berlin”, “İnsan himnləri”, “Kəndimizin antik heykəlləri”, “Zaman”, “Əli Kərimin xatirəsi”, “İtmiş kəndin nağılları” və başqa poemalarında sözün poetik gücü, bənzərsiz deyim tərzi ilə qarşılaşırıq. Bu əsərlər oxucuya yeni söz deyir, onu mənən zənginləşdirir, müdrikləşdirir, düşündürür.


Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olublar.


“Tələsin insanlar əldən tutmağa!”, “Sağlığında qiymət verin insanlara!”, - deyə həyəcan təbili çalan, insanlığı, həyatı sevməyi öyrədən Cabir Novruz 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.


Görkəmli şair, həqiqi vətəndaş və səmimi insan Cabir Novruzun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.