Üzeyir Hacıbəyliyə həsr olunan yeni festivala 200-dən artıq istedadlı ifaçı qatılacaq
Bakı, 29 mart,
AZƏRTACAprelin 6–dan 10-dək Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəylinin anadan olmasının – 130, musiqi akademiyasının– 95 və BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının – 35 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” birinci respublika festivalı keçiriləcək.
Bakı Musiqi Akademiyasında rektoru SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə təşkil olunacaq festivalın ideya müəllifi və layihənin rəhbəri BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının bədii rəhbəri və direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.
Bakı Musiqi Akademiyasından
AZƏRTAC-a bildirilib ki, bəstəkarlıq, xor, fortepiano, vokal, orkestr alətləri, xalq çalğı alətləri nominasiyaları üzrə iştirakçıların ifalarını Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, Sevda İbrahimova, Gülbaci İmanova, Zəhra Quliyeva, Yusif Axundov, Nəzmiyyə Abbaszadə, Tofiq Aslanov və başqaları qiymətləndirəcəklər.
Festivala Bakı və Azərbaycanın müxtəlif bölgələrindən gələn 200-dən artıqdır musiqiçi qatılacaq.
Bakı Musiqi Akademiyasının məktəb-studiyasında işlənilmiş və respublikanın bütün musiqi məktəblərinin I – XI siniflərinin proqramına daxil olunan Azərbaycan ladları şagirdlər tərəfindən xalq musiqisinin mənimsənilməsi üçün böyük təkandır.
Festival ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin eyni dərəcədə mənimsənilməsi üçün zəmin yaradır.