Türkiyəli mütəxəssis “PAŞA Həyat”da təlim keçib
Bakı, 5 mart,
AZƏRTAC“PAŞA Həyat Sığorta” şirkəti işçilərinin bilik və bacarığının artırılması və daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasəti əsas tutaraq satış və Çağrı Mərkəzinin əməkdaşları üçün treninq təşkil edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən
AZƏRTAC-a bildiriblər ki, təlim Türkiyənin tanınmış “US Danışmanlık” konsaltinq şirkətinin rəhbəri, təcrübəli təlimçi Sevda Güner tərəfindən aparılıb.
Təlimdə bazar analizləri, satışın taktikası və incəlikləri, marketinqin əhəmiyyəti, satış və çağrı mərkəzi əməkdaşının davranış qaydaları və digər sahələr üzrə geniş təqdimatlar edilib.
Təlimçi dərin nəzəri biliklərlə yanaşı, müasir qabaqcıl təcrübə nümunələri nümayiş etdirib və real biznes mühitinin praktiki aspektləri ətraflı olaraq araşdırılıb. Təlimin yeni formalaşmaqda olan yerli həyat sığortası bazarında sığortaçı-müştəri münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının lideridir. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.